İsmayıllı rayonunda yaşayan və kiçik sahibkarlıqla məşğul olan Namət Əsgərov Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb. Müraciətdə bir sıra məqamlara toxunan Namət Əsgərov əsasən "Unibank KB ASC-nin fəaliyyətindən və hərəkətlərindən narazılığını bildirib.

Namət Əsgərovun Mehriban xanım Əliyevaya ünvanladığı müraciətindən və N.Əsgərovun Unikal.org-a danışdıqlarından belə məlum olur ki, sahibkar "Unibankla uzun müddət əməkdaşlıq edib.

"Unibankdan götürdüyü 95000 dollar kreditlə öz kiçik obyektini genişləndirmiş, yeni iş yerləri açmışdır. Birinci devalvasiyaya qədər ödənişləri tam gecikməsiz ödəmiş, birinci devalvasiyadan sonra Unibankın təklifinə əsasən yeni qaydada ödənişləri həyata keçirmişdir. İkinci devalvasiyadan sonra Unibank sahibkara heç bir güzəşt tətbiq etməmiş, əksinə, Namət Əsgərovun güzəşt və ya yeni şərtlərlə müqavilənin uzadılması təklifinə bank rəhbərliyi heç bir münasibət bildirməmişdir. Bank sahibkarın şifahi və yazılı müraciətlərinə rəğmən Namət Əsgərovu - borclunu məhkəməyə vermiş, borcun girovda olan evlərə (qeyd edək ki, 95000 dollar kredit götürmək üçün N.Əsgərov Unibanka 3 ev girov qoyub-öz evi, bacısının evi və digər qohumunun evi) və yeganə gəlir mənbəyi olan obyektinə yönəldilməsini tələb etmişdir.

Namət Əsgərov iddia edir ki, bank qərəzli şəkildə onun obyektini və evini əlindən almaq istəyir. Bu səbəbdən Unibankın istəyini gözündə qoyacağını söyləyən sahibkar bankla hər hansı razılaşma olmazsa, bank ona güzəşt tətbiq etməzsə, yeni ödəniş qrafiki verməzsə, girovda olan hər 3 evi, sonda isə ailəsi və özü ilə birgə obyektini yandıracağını bəyan edir.

Sahibkar birinci vitse-prezidentə ünvanladığı müraciətdə Unibankı belə xarakterizə etmişdir: "Unibankın bank olaraq siyasəti ondan ibarətdir ki, ölkədə ikinci qaçqın kütləsi yaratsın; evsiz-eşiksizlərin, didərginlərin sayını artırmaq öhdəliyi götürmüş bankların lideridir Unibank!!!

Ümid edirik ki, Unibank rəhbərliyi, eyni zamanda aidiyyəti dövlət qurumları məsələyə dərhal reaksiya verərək böyük bir ailəni intihar pəncəsindən qurtarmış olacaqlar.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.