IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində biletli tamaşaçıların Bakı Olimpiya Stadionuna, eləcə də mərasim bitdikdən sonra müəyyən olunmuş istiqamətlərə (metronun "Qara Qarayev, "Gənclik və "20 Yanvar stansiyaları yaxınlığındakı dayanacaqlara) daşınmasına cəlb edilən 430 ədəd avtobus artıq İctimai Nəqliyyat Terminalına toplanıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev Unikal.org-a bildirib ki, sürücülərin tibbi müayinəsi və digər zəruri prosedurlar yekunlaşdıqdan sonra daşınma prosesinə start veriləcək.

Qeyd edək ki, tamaşaçıların daşınması saat 17:00-dən 20:00-dək davam edəcək. BNA ekspress xətt avtobuslarından istifadə edəcək biletli tamaşaçılardan vaxtında metronun "Qara Qarayev, "Gənclik və "20 Yanvar stansiyaları yaxınlığındakı dayanacaq məntəqələrinə gəlmələrini xahiş edir.