Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Yaponiya səfiri Teruyuki Katori ilə görüş olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yaponiyanın Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu, ötən dövrdə iki ölkə arasında qarşılıqlı hörmət və dostluğa əsaslanan münasibətlərin formalaşdığını qeyd edib: "Ötən il qeyri-neft sənayesində 5% artımın əldə olunduğu respublikada 2017-ci ilin yanvar-aprel aylarında sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2,8% artıb. Bu sahənin inkişafı əmək bazarı üçün də vacib amildir. Son 13 ildə milli iqtisadiyyatda payı 70%-ə çatan bu sektorun mütəmadi genişlənməsi yeni iş yerlərinin açılması, işsizliyin 5%-ə enməsi ilə müşahidə olunub.
Azərbaycanda aparılan iqtisadi islahatların sosialyönümlü olduğunu qeyd edən nazir sosial rifah halının yaxşılaşdırılması, əhalinin sosial təminatının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb: "Bununla yanaşı, son illərdə əmək, sosial təminat, əlilliyin qiymətləndirilməsi sahələrində müasir texnologiyaların tətbiqi geniş vüsət alıb. Həmin sahələr avtomatlaşdırılmış infrastruktur üzərində qurulmaqla, əhaliyə xidmətlərin müasirləşdirilməsinə və şəffaflaşdırılmasına, dövlət xidmətlərinin vətəndaşlar üçün əlçatanlığına nail olunub. Hazırda da nazirliyin digər fəaliyyət istiqamətləri üzrə bu proses davam etdirilir. Müasir texnologiyalar ölkəsi olan Yaponiyanın aidiyyəti qurumları ilə bu sahədə əməkdaşlıq, hesab edirəm ki, məqsədəuyğun olardı.
Ötən dövrdə Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatının xətti ilə ölkəmizdə icra olunan müxtəlif layihələrin sosial infrastrukturun təkmilləşdirilməsi, insan resurslarının inkişafı baxımından əhəmiyyətini qeyd edən S.Müslümov belə layihələrdən birinin Azərbaycanda reabilitasiya xidmətinin yaxşılaşdırılması məqsədilə icra edildiyini bildirib: "Nazirlik ilə həmin təşkilatın reallaşdırdığı layihə çərçivəsində hələ 2002-2003-cü illərdə nazirliyin bir sıra bərpa mərkəzlərinin müasir tələblərə cavab verən tibb və reabilitasiya avadanlıqları ilə təchizatı həyata keçirilmişdir. Həmçinin Yaponiyanın qabaqcıl tibb universitetlərinin alimləri tərəfindən bərpa mərkəzlərinin əməkdaşları üçün treninqlər təşkil olunmuş, eləcə də reabilitasiya sahəsində çalışan ayrı-ayrı mütəxəssislər Yaponiyada ixtisasartırma kurslarında iştirak edərək, bilik və peşəkarlıq səviyyələrini artırmışlar. Nazir son illərdə ölkədə reabilitasiya sisteminin ən yüksək standartlar səviyyəsində qurulduğunu bildirib, əlilliyi olan şəxslərin reabilitasiya potensiallarının reallaşdırılması sahəsində fəaliyyət mexanizmlərinin daha səmərəli təşkili sahəsində Yaponiya ilə təcrübə mübadiləsinin aparılmasının önəmli ola biləcəyini diqqətə çatdırıb.
S.Müslümov həmçinin əmək bazarının tənzimlənməsi, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması, inklüziv əmək bazarının inkişafı, özünüməşğulluğun təmini, peşə standartlarının hazırlanması, əməyin təhlükəsizliyi sistemlərinin təkmilləşdirilməsində müasir texnologiyalardan istifadə və s. sahələrdə Yaponiya ilə geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu bildirib.
Görüşdə Azərbaycan-Yaponiya əlaqələrinin dost münasibətləri üzərində getdikcə genişləndiyini vurğulayan T.Katori iki ölkə arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlığın formalaşdırılması və inkişafı üçün də onun tərəfindən müvafiq işlərin görüləcəyini qeyd edib.