Son bir neçə gündür ki, Diva Burhan Sultan adlı müğənninin Zaqatala rayonunda təşkil olunmuş konserti sosial şəbəkələrdə geniş müzakirə olunur. İfaçının səsini, cəsarətini alqışlayanlar olsa da, görünüşü və davranışlarını qınayanlar daha çoxdur.
Unikal.org xəbər verir ki, "Qafqazinfo bu məqamda müğənninin özü ilə əlaqə saxlayıb və qısa müsahibə alıb.
- Konsertinizdən çəkilmiş videolar sosial şəbəkələrdə geniş müzakirə olunur. İnstaqramda bunun sizi məyus etdiyini yazmısız. Belə reksiyaları gözləyirdinizmi?
- Yox, gözləmirdim. Cəmiyyətə yanlış tanıdılmaq məni çox kədərləndirdi. Bu konsert keçən ilin avqust ayında olub. Bir ay qabaqdan mənim solo konsertimlə bağlı afişalar rayonun müxtəlif yerlərində asılıb. O afişalardakı şəkildən insanlar mənim hansı geyimdə, necə səhnəyə çıxacağımı bilirdi. Bundan başqa, onsuz da uşaqlıqdan musiqi ilə məşğulam və rayonda çox insan məni tanıyır. Düz bir il sonra konsertin videolarının yayılması, özü də mənə qarşı təhqirlərlə yayılması onu göstərir ki, bu, təxribatdır, məni vurmağa çalışırlar. Mənim ən böyük dəstəkçim atam idi və onun rəhmətə getdiyi bir zamanda belə xəbərlərin yayılmasına mən başqa bir ad verə bilmirəm.
Çox gözəl səsim var, o boyda iş görürəm, niyə biri bunu demir? Videolardan da görünür ki, iştirakçıların hər biri konsertdən məmnundur və çox gözəl vaxt keçirir. Belə deyək, əgər tələbat olmasaydı, mən cibimdən xərc çəkib niyə pulsuz konsert verirdim? Bir il müddətində konsertimlə bağlı sadəcə müsbət fikirlər almışam. Rayon sakinləri artıq məni belə mənimsəyib və sevir. İstəməyən insan konsertimə gəlməzdi. Bu hadisələr məni çox üzür, amma yıxılmamağa çalışıram. Konsertim 3 saat çəkib və mən bu müddətdə 30-a yaxın mahnını canlı oxumuşam. Niyə bundan danışmırlar?
- Rayon İcra Hakimiyyəti açıqlamasında konsertdən xəbərsiz olduğunu deyib. Ancaq yəqin ki, rayonun ən böyük parkında konsert vermək üçün icazə almısız.
- Əlbəttə, diplomlarımla oraya getmişəm və konsert üçün icazəmi almışam. Kimsə kefi istəyən zaman konsert verə bilməz axı. Hər hansı bir narazılıq olmayıb, hətta nə köməklik lazım olsa, edə biləcəklərini söylədilər.
- Açıq hava konserti olduğu üçün çox güman pulsuz təşkil olub. Bəs təşkilati dəstək oldu, yoxsa öz büdcənizlə reallaşdırdız?
- Bəli, pulsuz təşkil olunub. Özü də xalqın istəyi ilə. Hər hansı bir təşkilati dəstək olmayıb. Valideynlərimin köməyi ilə etmişik. Mənim öz arzularım var və müəyyən əziyyətlərlə o səviyyəyə çatmağa çalışıram.
- Bəs hazırda rayonda toylara dəvət alırsızmı?
- Dəvət çox alıram, amma nadir hallarda iştirak edirəm. Seçici insanam, hər dəvət olunan yerə getmirəm. Həmişə toy müğənnisi yox, səhnə müğənnisi olmaq istəmişəm. Restoranlardan da dəvətlər gəlir. Hər həftənin şənbə günü şou proqramlarım olurdu. İnsanlar da çox sevərək gəlir, əylənirdilər. Hara getsəm, deyirlər ki, onların əhvalını yüksəldirəm. Mən insanlara həmişə sevgi ilə yanaşıram, pozitiv bir insanam.
- Zaqatala həmişə daha müasir bir bölgə kimi tanınır. Bəlkə də, ona görə səhnə geyimlərinizə bu qədər böyük reaksiyalar olmur?
- Həqiqətən Zaqatala çox müasir yerdir. Rayonumu çox sevirəm və burada doğulduğum üçün xoşbəxtəm. İnsanlarını da çox sevirəm. Bu xəbərlərdən sonra onlarda da mənə qarşı bir az qırğınlıq oldu ki, rayonu pis təbliğ etdim. Amma hər şey göründüyü kimi deyil. Uşaqlığımdan mən səhnələrdə, dövlət tədbirlərində olmuşam, hərbi hissələrdə konsertlərim təşkil olunub. Dövlət tədbirinə gedəndə nə geymək lazım olduğunu da çox yaxşı bilirəm. Rayonda insanlar məni tanıyıb və qəbul edib. Bir qalıb bütün ölkədə qəbul etdirmək, onu da bacaracam.
- Gələcək planlarınızda Bakıya gəlmək var?
- Bəli, var. Sadəcə olaraq hazırda Gürcüstanda universitet oxuyuram, üçüncü kurs tələbəsiyəm. Təhsilim bitdikdən sonra fəaliyyətimi paytaxtda davam etdirməyi düşünürəm. Çünki mənə çox təkliflər gəlir.
- Bu son haqqınızda yayılan xəbərlər sizi ruhdan saldı?
- Yox, əlbəttə. Sadəcə atamın ölümü ilə üst-üstə düşməsi məni mənəvi olaraq çox yordu. Ancaq başımın üstündə Allahım, yanımda da sevənlərim olduğu müddətdə mən səhnələrdə olacam. Mənim ürəyimi bilənlər bilir. Deyildiyi kimi heç kimə yanlış, pis örnək olacaq biri deyiləm. Mən müğənniyəm, bu dəfə açıq, sabahkı tədbirimdə tam qapalı geyinə bilərəm. Yaşamaq mənə belə xoşdur. İnsanlara da fərqlilik, müasirlik lazımdır. Heç kimin qabağında əxlaqsızlıq etməmişəm. Ən çox ona pis oldum ki, olmayan şeylər deyildi. Məni əxlaqsız elədilər. Əgər mən əxlaqsızlıqla məşğul olsaydım, müğənni də olmazdım. Allah heç kimi o yola salmasın. İndi Allah məni belə yaradıb, mənə belə bir səs verib, təvazökarlıqdan uzaq olsa da, deyəcəm, görünüş olaraq gözəl yaradıb, bu da böyük xoşbəxtlikdir. Hər adama qismət olmayan şeylər mənə qismət olub, buna görə də çox şadam. Hər özünə fikir verən, geyinən, bəzənən, səhnədə olan insan əxlaqsız olmur.