Astanada "Nəqliyyat infrastrukturunun inkişafı, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların səmərəliliyinin və rəqabətə davamlılığının artırılması" mövzusunda dəyirmi masa keçirilib.

Unikal.org xəbər verir ki, tədbirdə "Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

"Transxəzər Beynəlxalq Nəqliyyat marşrutu Beynəlxalq Assosiasiyasının təşkil etdiyi müzakirələrdə Qazaxıstan, Azərbaycan, Gürcüstan, Ukrayna, Çin, Türkiyə, Polşa, Latviya, Litva, Rumıniya, Bolqarıstan və Moldovanın 80-dən çox dəmir yolu, liman administrasiyası, nəqliyyat assosiasiyası, gəmi və nəqliyyat-logistik şirkətlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Dəyirmi masada qazaxıstanlı və xarici mütəxəssislər mütəmadi konteyner servisinin inkişafını, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların imkanlarını və perspektivlərini, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin icra vəziyyətini, eləcə də liman infrastrukturunun genişləndirilməsini müzakirə ediblər.

"Arkas Logistics Services Group şirkətinin vitse-prezidenti M.Çiper yüklərin TBNM vasitəsilə, intermodal nəqliyyat və liman əlaqələrindən istifadə etməklə, Türkiyəyə daşınma imkanlarını yüksək qiymətləndirib.

Dəyirmi masanın yekunlarına dair "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyasıyla Çinin Nəqliyyat və Kommunikasiya Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Həmin gün "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyası təsisçilərinin ümumi yığıncağı keçirilib. Yığıncaq zamanı TBNM üzrə əvvəlki tariflərə yenidən baxılması və yeni tariflərin (o cümlədən, Ukrayna, Qara Dəniz limanlarının istifadəsi nəzərə alınmaqla) təsdiqlənməsi məsələləri müzakirə olunub.

Ümumi yığıncağın qərarı ilə Assosiasiyaya "PKP Genişizli metallurgik yol MMC (Polşa) yeni assosiativ üzv kimi qəbul edilib.