Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün ali təhsil
müəssisələrinin və AMEA-nın magistraturalarına müsabiqənin nəticələrini
iyunun 21-də saat 18:45-dən etibarən Mərkəzin internet saytında
yerləşdirib.
Dövlət İmtahan Mərkəzindən Unikal.org-a
verilən məlumata görə, bakalavrlar qəbulun nəticələri ilə bağlı məlumatı
Mərkəzin internet saytından və mobil telefondan iş nömrəsini 7727
nömrəsinə SMS göndərməklə öyrənə bilərlər.
Qəbul olunanların siyahısı "Magistr jurnalının 5-ci sayında dərc olunacaq.
Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən
8189 bakalavrdan 6233 nəfəri respublika ali təhsil müəssisələrinin
magistraturalarına qəbul olub. Qəbul olanlardan 2352 nəfərini dövlət
sifarişi, 3881 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqlar. Onlardan
3906 nəfəri ali təhsil müəssisələrinin cari, 2327 nəfəri isə əvvəlki
illərin məzunudur.
Bundan əlavə, 2 bakalavr idman sahəsi üzrə, 4 bakalavr isə incəsənət
sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin
qalibi olduğu üçün magistratura səviyyəsinin müvafiq ixtisaslarına
müsabiqədənkənar qəbul olunub.
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olanlar
2017-ci il iyunun 29-dan iyulun 10-dək (şənbə və bazar günləri istisna
olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali
təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə
sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul
olanlar siyahısından xaric ediləcəklər.