Braziliyanın ev dustağı olan keçmiş prezidenti Jair Bolsonaru xəstəxanaya yerləşdirilib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Bolsonaru Ali Məhkəmənin hakimi Alexandre de Moraesdən icazə aldıqdan sonra polis tərəfindən Braziliyadakı Star Hospitalına aparılıb.

Tibbi hesabata görə, Bolsonarunun dərisində bəzi problemlər yaranıb. Onun vəkilləri 48 saat ərzində məhkəməyə tibbi arayış təqdim etməlidir.

Bolsonaru ehtiyat tədbirlərini pozduğuna görə avqustun 4-dən ev dustaqlığındadır və qaçmaq qorxusundan polisin yaxından nəzarəti altındadır.

Ali Məhkəmə bu yaxınlarda onu 2022-ci il seçkilərindən sonra prezident Luiz İnasio Lula da Silvanın andiçmə mərasiminin qarşısını almaq üçün dövlət çevrilişinə cəhddə ittiham edərək 27 il 3 ay həbs cəzasına məhkum edib.