Prezident İlham Əliyev "Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb.

Unikal.org xəbər verir ki, qanuna edilmiş dəyişikliyə əsasən, dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağan edilib.

Bundan başqa, xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla islam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilərlər.

Qanunun 24-cü maddəsinə edilmiş dəyişikliyə əsasən, vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dini mərkəz tərəfindən həyata keçiriləcək.