Bu gün Səbayel rayon Məhkəməsində AXCP sədri Əli Kərimlinin köməkçisi, "Azadlıq qəzetinin direktoru Faiq Əmirlinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Unikal.org-un apa-ya istinadən xəbərinə görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə bir neçə şahidin dəfələrlə iclasa çağrılsalar da, gəlmədikləri məlum olub. Hakim həmin şəxslərin barələrində məcburi gətirlmə qərarı çıxarıb. Proses iyulun 3-də davam edəcək.
Qeyd edək ki, F. Əmirli ötən il avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb.
Daha sonra Cinayət Məcəlləsinin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham elan olunub. Onun avtomobilindən Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənə aid kitablar tapılıb.