Bir çoxumuz xarici dil öyrənmək üçün illərimizi sərf edir, gecə-gündüz əziyyət çəkirik. Bəzən istəyimizə çatırıq, bəzən də yox. Əksəriyyətimiz daha çox dil bilən insanlara həsəd aparırıq, onlar kimi olmağı arzulayırıq.
Elələri də var ki, 2, 3, 4 yox, nə az, nə çox - düz 25 dil bilir. Və belə insanlardan biri də Azərbaycanda yaşayır. Bu həmyerlimizin adı Emin Quliyevdir. Çoxları onu 25 dil bilən poliqlot və təlimçi kimi tanıyır.
Unikal.org xəbər verir ki, qaynarinfo Emin Quliyevlə görüşərək bir çox maraqlı suallara cavab tapmağa çalışıb. Həmin müsahibəni təqdim edirik.
- Hamı sizi 25 dil bilən poliqlot kimi tanıyır, bu dillərin hansını daha mükəmməl bilirsiz?
- Əvvəllər məsələyə dil öyrənmək kimi yanaşırdım, amma indi belə deyil. İtalyan, ispan, fransız, ingilis, alman, ukrayn, katalan dilləri olmaqla ümumilikdə 25-30 dildə normal danışıram. Hələ türk dünyasının dillərini saymıram. Yəni, belə götürsək, 50-dən çox dil bilirəm. Bunlar arasında da əla, normal və nisbətən zəif şəkildə bildiklərim var. Ən böyük arzum dünyada dillərin sayını azaltmaqdır. Yəni hansı dillər hansı dillərin içərisinə daxil edilə bilər, dünya yarananda hansı ana dillər mövcud olub və o ana dillərə təsir edən bütöv bir dil olubmu? Seçdiyim 125 dil var ki, müntəzəm olaraq məşğulam. Bəzən deyirlər ki, nə üçün sənin bildiyin dillərin sayı artmır. Deyirəm ki, başqa işim gücüm yoxdur?! Artıq məni elmi məsələlər daha çox maraqlandırır.
- Çoxlu dil öyrənməyə marağınız nə vaxtdan başlayıb?
- 13 yaşımda İranda iki həftə olmuşdum və fərqinə varmadan gəlib gedənlərə farsca cavab verirdim. O zamandan dillərə marağım olub. Bu şeylərin hamısının arxasında musiqi duyumu dayanır. Yəni qulağın yaxşı eşitməsi vacib məsələdir. Dilləri qrup şəklidə öyrənirəm. Əvvəllər qatı türkçü idim. Ərəb dilini sevmirdim, islam qarışıq. Amma bu yaxınlarda bir şey baş verdi və artıq ərəb dilini də öyrənməyə başlamışam. 20 günə dilin strukturunu demək olar ki, mənimsəmişəm. Ən böyük istəyimdən biri də qədim dillərdən - akkad, kopt və s. hansısa birini öyrənməkdir.
"Bəşəriyyət, dünya, hər şey böyük bir enerjidən ibarətdir. Biz nə qədər ki, mövcuduq o enerji yaşayır, biz olmasaq o da olmayacaq. Bütün dinlər ritualdır. Quranda çox gözəl şeylər yazılıb, amma şairanə formada. Uzağa getməyək, dünyada ən vacib amillərdən biri də afermasiyadır. "İnşallah", "Şükr et", təzə bir şey də yaranıb "SİRR" və s. bunlar hamısı afermasiya, tarazlıq üzərində qurulub. Bütün dinlər də insandan bunu tələb edir. İslam sadəcə bu mexanizmanın bir parçasıdır. Başqa bir parçası buddizmdir, digər biri xristianlıq, iudaizmdir, biri ayurveda olub, hansı ki, 4 min il bundan öncə yaranıb, orada da maraqlı şeylər yazılıb. Ona görə bütün dinlərə baxışım eynidir. Pis səslənə bilər, amma bir şeyi deyim ki, mən bu dünyaya kiminsə arxasınca getmək üçün gəlməmişəm, sadəcə öz yolumu gedəcəyəm. Hətta bilsəm ki, o yerdə cənnət var, yenə də mənim üçün maraqlı deyil. Mən qaşımaq, araşdırmaq, öyrənmək üçün gəlmişəm".
- Çox dil bilməyin mənfi cəhətləri nədir?
- Çox dil bilmək yazı qabiliyyətimin itməsinə səbəb olub. Bununla bağlı araşdırma apardım. Məlum oldu ki, bu, çox dil bilənlərdə, bir də psixoloji xəstəliyi olan insanlarda olur.
- Eyni zamanda bədii yaradıcılıqla da məşğulsuz. Nədən yazırsız, romanlarınızın ana xəttini hansı mövzu təşkil edir və nə zaman çap etdirəcəksiniz?
- 16 romanım var, amma bizim cəmiyyət üçün deyil. Həddindən artıq dünyəvi və vacib mövzulardır. Transhumanizmi çox sevirəm, gələcəyin insanları başqa cür yaşamalıdır və s. mövzularda öz qəhrəmanlarımı yaratmışam və onlar silsilə kitablarımda, romanlarımda müxtəlif mövzulara toxunurlar. Təəssüf ki, bizim cəmiyyət belə şeyləri oxumur, onları daha çox məişət mövzuları maraqlıdır. Bu ilin sonuna kimi 4 kitab çap etdirmək fikrim var. Onlardan biri Azərbaycan dilində olacaq. Həmin kitab "Növbəti insan" adlanır.
- Eminin başqa hansı qabiliyyətləri var?
- Musiqi ilə də məşğulam, vokalı sərbəst şəkildə öyrənmişəm. Eyni zamanda idmanla da ara-sıra məşğul oluram və ən böyük arzularımdan biri də yeni bir idman növü yaratmaqdır.
- Yaratmaq istədiyiniz idman növü necə bir şey olacaq?
- Bilirsiniz hər şeyin kökündə bir məsələ dayanır. Maksimalizm, idealizm. Əslində çox pis bir şeydir. Hər şeyi ideallaşdırırsan, hətta bu şey o qədər qanına işləyir ki, telefon belə almaq istəmirsən. İstəyirsən ki, içi olsun üstünü özün yığasan, kompüterin sənin istədiyin kimi olsun, köynəyini, şalvarını özün tikəsən və s. Demirəm bu şeylərin hamısı məndə var, amma nəyisə qurmağa, düzəltməyə, yaratmağa marağım 16 yaşımdan olub. Evdə qırıq şeylərdən maqnitafon yığırdım, cırıq ayaqqabılardan yenisini düzəldirdim, mebel yığa bilirəm, hətta elektron gitara düzəltmişdim, sadəcə indi vaxtım yoxdur deyə hamısını bir qırağa qoymuşam. Rusların bir sözü var: "Tалантливый человек, талантлив во вÑем". Yəni sən bir şeyi mükəmməl bacarırsansa, bu, o deməkdir ki, sənin beynin yaxşı analiz edə bilir və ölçüb-biçmək qabiliyyətin var. İstəsən onu başqa sahəyə də tətbiq edə bilərsən. Yəni bir insanın gözəl əl qabiliyyəti varsa, mütləq o, gözəl bir yazıçı ola bilər, sadəcə həmin sahədə hələ özünü yoxlamayıb. Mənim 14 ssenarim var, hətta ingilis dilində bir kinokompaniya yaratmaq istəyirdim, sadəcə görürəm ki, bu şeylərin hamısına ömür çatmır. Yaşa dolduqca insan başa düşür ki, bu şeyləri sevir, amma ona daha yaxın olan şeyləri, ən vacibləri önəm verməlidir, yoxsa hamısından olar. Ona görə də, düşünürəm ki, prioritetləri ön plana salmaq lazımdır.
"İnsan yazıq, bədbəxt məxluqdu yer üzünə gəlib, ən böyük problemi də iqtisadi asılılıqdır. İnsan maraqlı işləməlidir, çörəkpulu üçün yox. Mənə bir il vaxt versələr, desələr ki, al bu pulu, işləmə, elmi fəaliyyətlə məşğul ol. Söz verirəm ki, həmin bir ildə mən dünyanın ən məşhur insanı ola bilərəm. Amma kimdir onu edən?! Heç kim etməz. Başqa bir millət olsaydı, bəlkə edərdi, bizdə bu, mümkün deyil. Hərdən yanıb tökülürəm ki, o qədər işlərim, fikirlərim var, amma heç birini gerçəkləşdirə bilmirəm"
- Dil öyrənənlərə məsləhətiniz nədir?
- Ümumiyyətlə hansısa bir sahəni öyrənən insanlar üçün əsas bir şeyi deyərdim ki, heç bir şey ilk baxışdan göründüyü kimi deyil. Hər bir sahədə pərdəarxası bir mexanizm var. Məsələn, mən 17 yaşımda olarkən məktəbdə ingilis dilindən "1" alırdım, çünki avara idim. Məktəbi tərifnamə ilə bitirsəm də, etiraf edirəm ki, avara olmuşam. Təsadüfən uşaqlardan biri dedi ki, kim ingilis dilini yaxşı bilsə, onu Amerikaya aparacaqlar. Mən də başladım və 4 aya ingilis dilini öyrəndim, hətta sonra mənə "1" yazan müəllimin belə qrammatik səhvlərini düzəldirdim. Bu, nəyisə çox istəməkdən irəli gəlir, bir də götürmə qabiliyyəti lazımdır. Məsələn, dünyada məşhur şəxslərdən kimi soruşsanız, onun doğulduğu tarixi, yaşadığı şəhəri sizə deyə bilərəm. Bir dəfə eşitdiyim şey yadımda qalır. Amma bu fitri istedad, pataloji bir şey deyil, metadolojidir. Yəni elə bir yaddaş zamanla formalaşıb. İnsan doğulanda yaddaş kimdəsə güclü, kimdəsə zəif olmur. Yəni istənilən dili 10-15 günə öyrənmək olar, əgər o insan beyin olaraq buna hazırdırsa. Dil iki cür öyrənilir: təbii və süni yolla. Təbii forma odur ki, gedib o ölkədə yaşayırsan və həmin dili təbii şəkildə öyrənirsən. Biz hazırda dili süni şəkildə öyrənirik. Dili birinci dəfə öyrənənlə 3-cü bir dili öyrənən arasında fərq eyni deyil. Ona görə, ümumi şəkildə məsləhət də verə bilmirəm. Amma dil əsasən eşidilərək öyrənilməlidir. Bu yolla öyrəniləndə sürət daha böyük olur. Musiqi, kino və s. yolla. Bir də sərt düşünmə qabiliyyəti olmalıdır, yəni heç nə kortəbii şəkildə öyrənilməməlidir. Ümumiyyətlə nə ilə məşğul olursansa ol, bunu şüurlu şəkildə etməlisən. Əfsuslar olsun ki, hər insan şüurlu şəkildə bir işlə məşğul olmağın nə demək olduğunu dərk etmir.
"Çox adam deyə bilər ki, yekəxanadır. Onlar belə deyəndə mən əksinə
sevinirəm. Amma biri var yekəxanalıq, biri də var özünün kim olduğunu
bilib heç kimə göstərməmək. Bilirsinizmi təvazökarlıq axmaqların
yoludur. Mənim yaxın bir dostumun gözəl sözü var. Deyir, "Yaxşı insan
olmaq yaxşı şeydir, amma ən yaxşısı odur ki, onu hamı bilsin". Vokal
bacarığım da var. Təsəvvür et ki, bir gün küçədə gedirəm və "Tarqovı"nın
ortasında oxumağa başlayıram. O Emin daha məşhur olacaq, yoxsa burada
əyləşən?! Təbii ki, o. Bütün böyük nailiyyət əldə edən insanlar müəyyən
qədər dəli olublar. Bu baxımdan həyatda dəli olmaq ən böyük
xoşbəxtlikdir. Çox ağıllı olub, çox düşünməyin bir əhəmiyyəti yoxdur".
- Cəsarətli addım atmaqdan danışdınız. Həyatda buna bənzər addımınız olubmu?
- Xeyr, təəssüf ki, olmayıb.
- İndi küçəyə çıxıb bütün gücünüzlə bir mahnı oxuya bilərsiz?
- Xeyr, artıq o yaşım deyil. Amma bir gün buna oxşar nəsə edəcəm. (gülür)
Hansısa bir mahnını götürüb müxtəlif dillərdə oxumağı necə, istəmisiniz?
- Başqasının yox, lakin öz yazdığım mahnılardan birini bu şəkildə oxumaq fikrim var. Dünyanın ən güclü ifaçıları, Maykl Cekson, Fredi Merkuri ancaq öz mahnılarını oxuyublar. Kiminsə mahnısını oxumaq onun kölgəsində qalmaqdır. Niyə görə Azər Zeynalov Rəşid Behbudovdan o yana çıxa bilmədi?! Çünki onun mahnıları ilə başladı, onu yamsıladı və s. Hələ bəziləri dünyanın məşhur müğənnilərinin mahnılarını oxuyub, hətta həmin mahnılarla konsert də verirlər. Onlar bədbəxt insanlardır. Bu, başqasının cırıq ayaqqabılarını geyinməyə bənzəyir.