Qarabağda aprelin 2-də alovlanan və dörd gün sonra dayandırılan müharibə dünya mediasının gündəmində əsas yer tutmaqdadır. Qarabağda baş verən hadisələr az qala Suriya böhranının beynəlxalq gündəmdə arxa plana keçməsinə səbəb oldu və indi mətbuat, siyasətçilər və ekspertlər bu hadisələri müxtəlif rakursdan təhlil edir.
Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki, Britaniyanın "The İndependent" qəzetinin jurnalisti Robert Fisk də sonuncu məqaləsini bu mövzuya həsr edib. Robert Fisk əsasən Yaxın Şərq, Türkiyə və Qafqaz barədə təhlili yazıları ilə geniş tanınır. O, "soyqırım" məsələsində həmişə ermənilərə rəğbəti və anti-Türkiyə mövqeyi ilə seçilib. Jurnalist yazılarında 1915-ci il erməni qətliamlarını prinsipial olaraq "erməni Holokostu" adlandırır. Lakin jurnalistin qələmindən çıxan son yazı, əvvəlkilərdən kəskin fərqli yanaşması ilə diqqəti cəlb edir. Fisk bildirir ki, ətraf dünyada Qarabağ münaqişəsi çox nadir hallarda obyektiv işıqlandırılır, çünki əksər avropalılar bu münaqişənin mahiyyəti barədə çox az biliyə malikdirlər.
Stalinin bura dəxli var?

Jurnalist son günlərdə "Əl-Cəzirə" telekanalında efirə getmiş bir reporatajdan söz açır. O yazır ki, telekanal nədənsə Dağlıq Qarabağ bölgəsində baş verən son toqquşmalar barədə reportajında Stalini xatırlayıb. Guya Dağlıq Qarabağ problemi stalinizm dövrünün irsidir. Fisk "Əl-Cəzirə"nin reportajında müasir Azərbaycan-Ermənistan müharibəsi ilə heç bir əlaqəsi olmayan köhnə bir videogörüntünün də verilməsinə etiraz bildirir.
Məqalədə deyilir ki, "Əl-Cəzirə"nin "Qarabağ müharibəsi reportajında" göstərdiyi həmin arxiv videosunda Uinston Çörçill Stalinə "Stalinqrad qılıncı"nı təqdim edir. Bu qılınc Britaniya kralı 6-cı Corcun sovet xalqına Stalinqrad döyüşündə qələbəsinə görə hədiyyəsi idi. Fisk yazır ki, Sovet dövründə, 1920-ci illərdə milli azlıqlar naziri olmuş Stalini bu dağlıq regionu (Qarabağı) müsəlman azərbaycanlılara bağışlamaqda ittiham edirlər. Jurnalistin fikrincə, bir-biri ilə arasında 20 il olan iki hadisənin bir reportajda birləşdirilməsi çox cəfəng görünürdü. Fisk yazır ki, indi bir çox jurnalistlər, diplomatlar və "üzdəniraq ekspertlər" eyni səhvi təkrar etməkdə davam edirlər.
Əzabkeş qurban cığallığı

"İndi isə deməliyəm ki, mən Dağlıq Qarabağ müharibəsini həmişə ən murdar münaqişə hesab etmişəm" –"The İndependent»in təhlilçisi yazır. O bildirir ki, 1988-ci ildən başlayaraq Sovet İttifaqının çöküşündən körüklənmiş bu münaqişənin əvvəllərində Yerevan öz hərəkətlərinə "millətin bir neçə qədim kilsəsini geri almaq" adı ilə haqq qazandırırdı. "Lakin axı Qarbağda çox sayda türk irsi də var. Ona qalsa, Şərqi Avropada Tevton Almaniyasının ən qədim tikililəri var. Axı Balkanlar Osmanlı Türkiyəsindən qalma memarlıq abidələri ilə fəxr edir. Lakin qədim irsin xarabaları uğrunda müharibə etmək çox cığal bir əməldir" – Robert Fisk yazır.
Jurnalist 90-cı illərin əvvəllərndə Qarabağda gedən müharibə haqda reportajlar verdiyini və erməni silahlı dəstələrinin törətdiyi cinayətlərə şahid olduğunu da qeyd edir.
"Mən 1990-cı illərdə Qarabağ müharibəsindən reportajlar verəndə silahlı erməni dəstələri, Azərbaycan kəndlilərini qətliam etməklə, ola bilsin ki, daha kiçik miqyasda 1915-ci ildə ermənilərin Türkiyədəki soyqırımına heyrətamiz şəkildə oxşar qətliam törədirdilər. Mən təəccüblənmirəm ki, Ermənistan paytaxtındakı ermənilər bu yaxşı sənədləşdirilmiş müasir qətlləri, məsələn 1992-ci il Xocalı qətliamını təkzib edirlər. Çünki bu, Erməni xalqının əzabkeş qurban obrazına zərbə vurur" –Robert Fisk yazır.
Jurnalist məqaləsində o vaxtlar Qarabağın "paytaxtı" Stepanakertdə Ermənistan hökumət qoşunlarından çox az əlamət gördüyünü yazır: "Mənim gördüyüm bəziləri azərbaycanlı azlığın etnik təmizlənməsində iştirtak etmiş erməni quldur dəstələrinin cövlan etməsi idi".
Qarabağ – 1915 üçün qisas?

Robert Fisk  yazır ki, o, "Sovetin çökdüyü o dramatik vaxtlarda" Bakı ətrafında Sovet İttifaqının erməni vətəndaşlarının öldürülməsi ilə Qarabağ dağlarının və kilsələrinin ermənilər üçün Türkiyədəki qətliamlara bənzər bir qətliamın simvoluna çevrilməsindən narahatdır. Müəllif yazır ki, "1915-ci ildə Türkiyədə öldürülümüş milyon yarım erməninin qisası" Qarabağda alınıb. O, on il əvvəl Yerevana səfər edərkən "orada görüb şoka düşdüyü" başqa bir məsələdən də yazır. Burada, Yerevanda 1915-ci il qurbanlarına həsr edilmiş "Soyqırım abidəsi"nin yerləşdiyi ziyarətgahda 1988-1994-cü il müharibəsində həlak olmuş yerli Qarabağ yaraqlılarını dəfn ediblər.

Müəllif yazır ki, bəzi hallarda bu dəfn edilənlərin arasında hərbi canilər də ola bilər. "Bu ona bənzəyərdi ki, israillilər Yad Vaşemdəki Yəhudi Holokostu memorialını, burada 1940-cı illərdə fəaliyyət göstərmiş Stern bandasının liderlərini da dəfn etməklə təhqir edəydilər" –Fisk yazır. Məqalədə deyilir ki, Yerevandakı bu memorialda 1915-cı il "erməni Holokostuna" aid sənədlərin saxlandığı zəngin araşdırma mərkəzi də var, amma onun bir neçə yüz metrliyində, "bütün dünyanın Azərbaycan torpağı kimi tanıdığı Qarabağ üçün həlak olanların qəbirləri də var".

Putin – çar, yoxsa bolşevik?

"Qarabağın qara dağlarının başında yenə də həmin köhnə düşmənlər gurultu qoparanda riyakarlığın yardımçısı abırsızlıq olur: Rusiya qüdrəti, türk ekspansionizmi və erməni millətçiliyi" –Fisk yazır.. Məqalədə deyilir ki, "burada Türkiyə prezidenti Recep Tayyip Erdoğanın özünü Mustafa Kemal Atatürkə, yoxsa Birinci Dünya Müharibəsindən sonrakı pantürkizmin divanə hökmdarlarına bənzətdiyi bilinmir".

Müxbir yazır ki, "bu əcaib ssenaridə Vladimir Putinin özünü ermənilərlə müttəfiq çara, yoxsa ermənilər və azərbaynlıların arasında bölücülük etmiş bolşeviklərə bənzətdiyi də bəlli deyil". "Müəyyən mənada Putin burada "müdaxiləçi Putin" rolunu oynayır. O Gürcüstan müdaxiləçisi, Ukrayna müdaxiləçisi və Suriya müdaxiləçisi rollarını oynayıb. İndi isə o, Qarabağın və ya Azərbaycanın müdaxiləçisidir" –Fisk yazır.