Azərbaycanın ərazi bütövlüyü uğrunda xalqımızın qəhrəman övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Cəbrayıl rayonunda doğulub boya-başa çatmış Məmmədov Əhməd Teymur oğlu 1994-cü ilin bu günündə Ağdam rayonunun müdafiəsi zamanı gedən döyüşlərdə şəhid olub.
Övladı, jurnlasit həmkarımız Zaur Əhməd atası ilə bağlı xatirələrini Unikal.org-la bölüşüb.
- Zaur, o illəri necə xatırlayırsan? Həmin an yaddaşında necə qalıb?
- Atam,1994-cü ilin aprel ayının 11-də Ağdamın Çəmənli, Güllücə, Gültəpə yüksəklikləri və kəndlərinin müdafiəsi zamanı gedən döyüşlərdə həlak olub. Özü Sumqayıt batalyonunda xidmət edirdi. Ordu sıralarına könüllü olaraq yazılıb. Cəbrayıl rayonu işğalı olduqdan sonra bizim qohumlar, babam, nənəm Sumqayıta bizim yataqxanadakı evə gəldilər. Babamın nənəmin xəstə olmağına baxmayaraq atam fikirləşmədən ön cəbhəyə getdi. Aprel ayının 11-də gedən döyüşlərdə şəhid oldu. Mənim o zaman 10 yaşım var idi. Onların döyüşü böyük rezonans doğurmuşdu. Çox qanlı döyüş idi. Hətta mərhum prezident Heydər Əliyev televiziyada hadisə ilə bağlı çıxış etmişdi, şəhid ailələrinə baş sağlığı vermişdi. Bununla bağlı geniş çıxışı olmuşdu.
- Atan şəhid olan zaman 10 yaşın var idi. Atanla bağlı hansı xatirlərin var?
- 10 yaşında bir uşaq nə fikirləşərdi, hansı düşüncədə olardı, mən də o düşüncədə idim. Atam ünsiyyət baxımından çox mühafizəkar adam idi. Elə də ünsiyyətimiz olmayıb, həmişə pərdə saxlayıb. Mən öz qohumlarımız arasında da onun kimi adam tanımırdım. İstər vətənə, istər insanlara fərqli yanaşması var idi. Axrıncı dəfə hərbi hissəyə gedəndə evdə sosial vəziyyət çox ağır idi. Deyirdi ki, cəbhə bölgəsində elə yoldaşlar var evlərinə gəlmir, ümumiyyətlə. Camaat orda qanından canından keçir, bəzilər burda qarnını güdür... Dedi mən iki günlük gəlmişəm, qayıtmalıyam. Onları tək qoya bilmərəm. Müharibə dövründə bizi heç vaxt düşünməyib. Çox ailəcanlı adam olub, amma müharibə başlayandan sonra ailəsinə valideyinlərinə ikinci dərəcəli məsələ kimi baxırdı. Müharibə başlayandan fikri o idi ki, mən qala bilmərəm. Son döyüşdə onun çıxmaq, sağ qalmaq imkanları olduğu halda qayıtmayıb. Döyüş yolaşlarını tək qoymayıb. Bunları döyüş yoldaşları danışıb. Mən atama baxıb dövləti, vətəni, milləti sevməyi öyrənmişəm.
- Atanız hərbçi olub yoxsa, könüllü olaraq cəbhəyə gedib?
- Hərbi xidmətini Macarıstanda keçib. Ancaq Qarabağ döyüşlərinə könüllü olaraq getmişdi. 91-92ci illərdə proseslər başlayandan narahat idi. Cəbrayıl rayonu işğal olunandan sonra tam olaraq qərarlaşdırdı və könüllü yazıldı orduya.
- Ailədə necə uşaq idiz?
-3 uşaq idik. İki bacım var. Bu gün cəbhədə şəhid olan mayorun, polkovnik-leytenantın həyat yoldaşlarının müsahiblərini oxudum. Bu hissi yaşamayan dərk edə bilməz. Çox qəribə hissdir. Mən arzu edirəm ki, kimsə hansısa əzizini itirəndə qoy elə vətən yolunda itirsin.
-Sən də hərbçi olmaq istərdinmi?
-Mən seçim edəndə artıq Azərbaycanda atəşkəs elan olunmuşdu. Müharibə yox idi. Ancaq mənim hazırda jurnalist olmağım o demək deyil ki, müharibədən kənardayam. Hərbi əməliyyatlar başlayan anda mən ehtiyatda olan əsgər kimi orduya getməyə hazıram. Bunu müsahibə xatirinə, boğazdan yuxarı demirəm. Ən azından atamın ruhu qarşısında o borcu verməliyəm.
-Son günlərdə cəbhədəki döyüşlərdə itkilər verdik. Şəhidlərimiz oldu. Şəhid övladlarına, ailələrinə nə demək istərdin?
-Mən onların müsahiblərini, açıqlamalarını görəndən sonra, onların "Vətən sağ olsun" sözünü necə mərdliklə, qürurla dediklərinin şahidi oldum. İçində bu cür vətən, yurd sevgisi olan insanlara nəsə məsləhət vermək yersiz olar. Bu gün atamın şəhid olmasından 22 il keçir. Sumqayıtda kimyaçılar məhləsindəki abidəni ziyarət etdik. Şəhidlər Xiyabanını ziyərət elədim. Xiyabanda olarkən son günlər şəhid olan əsgərlərimizin qəbrlərini də ziyarət etdim. Bura çoxlu sayda insanlar gəlir. Çox müsbət bir hadisədir.Bu ziyarətə, bu sevgiyə, bu məhəbbətə görə bu vətənin uğrunda ölməyə də, öldürməyə də dəyər. Deyim var: "torpaq uğrunda ölən varsa, Vətəndır". Bunu söz xatirinə bəzi adamlar deyir. Ancaq bunu yaşamış, o ağrını görmüş bir ailənin övladi kimi mən də hesab edirəm ki, ağrılı da olsa, Şəhid övladı olmaq şərəflidir.
Amid Əyyuboğlu