"Latviya Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyini dəstəkləyir"
Unikal.org xəbər verir ki, bunu Latviya prezidenti Raymonds Veyonis iyulun 17-də Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə verilən rəsmi ziyafətdə etdiyi çıxışı zamanı deyib.
Unikal.org xəbər verir ki, bunu Latviya prezidenti Raymonds Veyonis iyulun 17-də Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə verilən rəsmi ziyafətdə etdiyi çıxışı zamanı deyib.
Latviya prezidenti bildirib ki: "Zati-aliləri cənab Prezident. Hörmətli nazirlər, xanımlar və cənablar. Bu axşam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi salamlamaqdan şərəf duyuram.
Hörmətli cənab Prezident, Sizin Latviyaya səfəriniz qarşılıqlı anlaşmanın dərinləşdirilməsi və ölkələrimiz arasındakı yüksək səviyyəli dialoqun davam etdirilməsi istiqamətində birgə səylərimizin təzahürüdür.
Fürsətdən istifadə edərək, 2017-ci ilin mart ayında Bakıda Latviya nümayəndə heyətinə göstərilmiş qonaqpərvərliyə görə dərin minnətdarlığımı ifadə etmək istərdim. Bu illər ərzində mən bir neçə dəfə Azərbaycanda səfərdə olmuşam və Sizin qonaqpərvərliyiniz bizi heyran etməkdə davam edir. Həmin illər ərzində mən Azərbaycanın dinamik inkişafının şahidi olmuşam".
Raymonds Veyonis qeyd edib ki, Latviya ilə Azərbaycan arasındakı əməkdaşlıq bənzər talelər və hər iki xalqın sınaqdan keçdiyi çətin dönəmlər kimi tarixi bağlara əsaslanır: "1918-ci il Azərbaycanın və Latviyanın müstəqilliyə qovuşduğu il olmuşdur. Gələn il biz hər iki ölkənin müstəqilliyinin 100 illiyini qeyd edəcəyik. O zaman Azərbaycan cəmi iki il müstəqil yaşamışdır, lakin ölkəniz İslam dünyasının ilk parlamentli respublikası olmuşdur.
Azərbaycan Latviya üçün mühüm tərəfdaşdır. Latviya Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Bu səfər çərçivəsində Latviya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın yaradılması haqqında Bəyannamənin imzalanmasını məmnunluqla qeyd edirik.
Əminəm ki, bizim müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsində birgə marağımız var. Dövlət başçıları, parlament, hökumət, bələdiyyə və digər dövlət qurumları arasında sıx əməkdaşlıq qurulmuşdur. Parlamentlər arasında fəal əməkdaşlığı qeyd etmək, yerli hakimiyyət orqanları arasında artmaqda olan təmasları xüsusi vurğulamaq istərdim. Latviyanın və Azərbaycanın yerli hakimiyyət orqanları arasında 13 əməkdaşlıq sazişi imzalanmışdır.
Ümidvaram ki, Sizin səfəriniz çərçivəsində təşkil olunmuş biznes forum və Hökumətlərarası Komissiyanın iyun ayında keçirilmiş iclası iqtisadi əməkdaşlığın və qarşılıqlı ticarətin artmasına səbəb olacaq yeni layihələrin yaranmasına xidmət edəcəkdir. Coğrafi məsafəyə baxmayaraq, Latviyanın və Azərbaycanın paytaxtlarını mövsümi uçuşlar birləşdirir və həmin uçuşların müntəzəm olması üçün potensialımız var. Latviya Azərbaycan ilə nəqliyyat sahəsində, xüsusilə də beynəlxalq "Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi çərçivəsində əməkdaşlığı gücləndirmək niyyətindədir".
Latviya prezidenti əlavə edib ki, fəal siyasi və iqtisadi münasibətləri, ölkələrimiz və xalqlarımız arasındakı dostluq və rəğbəti məmnunluqla qeyd edirik: "Ölkəmizdə müxtəlif mədəni və ictimai tədbirlər təşkil edən və Latviya Respublikasına sadiq olan azərbaycanlı icmanın fəaliyyətini xüsusi qeyd etmək istərdim.
Ali təhsil sahəsində əməkdaşlığımız və hər il Azərbaycandan olan 150 tələbənin Latviyanın ali təhsil ocaqlarında təhsil alması sevindirici haldır. Əminik ki, səfər çərçivəsində imzalanmış əməkdaşlıq sazişi bu sahədə yeni əməkdaşlıq imkanlarını yaradacaqdır.
Hörmətli cənab Prezident, Latviyanın Avropa İttifaqına və NATO-ya üzv olması ölkələrimiz arasında əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır. Bu təşkilatlara üzv olmaq üçün Latviya müasir, demokratik və firavan dövlət yaratmaq məqsədilə əsaslı islahatlar həyata keçirmişdir. Bu sahədə təcrübəmizi Azərbaycanla bölüşməyə hazırıq".
Raymonds Veyonis qeyd edib ki, Latviya hər zaman Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsini dəstəkləmişdir: "Biz iqtisadiyyat, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində imkanlar açacaq yeni Avropa İttifaqı-Azərbaycan tərəfdaşlıq sazişi ilə bağlı danışıqları alqışlayırıq.
Azərbaycanın enerji sahəsində Avropa İttifaqının mühüm tərəfdaşı olması faktını xüsusi vurğulamaq istərdim. Latviya Azərbaycanın "Cənub Qaz Dəhlizi layihəsindəki rolunu və Avropa İttifaqının enerji təchizatının şaxələndirilməsi sahəsinə yatırdığı sərmayələri yüksək qiymətləndirir.
Hörmətli qonaqlar, gündəliyimizin fəal və işgüzar xarakteri əməkdaşlıqla bağlı hər iki tərəfin səmimi marağını təsdiq edir. Əminəm ki, bu səfər Latviya və Azərbaycan arasında münasibətləri fəallaşdıracaq və onlara güclü təkan verəcəkdir.
Xalqlarımızı sülh və harmoniyada yaşamaq, dostluq və əməkdaşlıq etmək arzusu birləşdirir. Ölkələrimiz arasındakı dostluğun və ikitərəfli əməkdaşlığın uğurlu inkişafı bu arzuya xidmət edir".