"Şərqlə Qərbin qovuşduğu bir məkan - Azərbaycan. Əsrarəngiz təbiəti, mötəbər tədbirlərin ünvanı - Bakı".
Unikal.org AZƏRTAC-a istinadən bildirir ki, bu sözlər ABŞ-ın nüfuzlu iqtisadi nəşri olan "Forbes"də dərc olunan məqalədə yer alıb.
Məqalənin müəllif Stefan Rabimov Şərqin qapısı sayılan Bakının gözəlliyindən bəhs edir. O qeyd edir ki, qədimliyi ilə müasirliyin vəhdətindən doğan Bakı mötəbər tədbirlərə - "Eurovision 2012" mahnı müsabiqəsinə, 2015-ci ildə birinci Avropa Oyunlarına uğurla ev sahibliyi edib. Bu il isə Bakı İslam Həmrəyliyi Oyunlarında Yaxın Şərq, Asiya və Afrika regionlarından 56 ölkənin idmançılarını böyük qonaqpərvərliklə qarşılayıb.
"Azərbaycan belə tədbirlərin dinamikasını qorumaq niyyətindədir", - yazan müəllif vurğulayır ki, bu kimi mötəbər layihələr ölkəyə milyonlarla turistin gəlməsinə də zəmin yaradır. Formula-1 milyardlarla dollara malik assosiasiyadır. İndi Bakı ilə Formula-1 möhtəşəm cütlüyə çevrilib.
Azərbaycanda turizmin inkişafına da nəzər yetirən müəllif 12 iqlim qurşağından 9-nun bu ərazinin payına düşdüyünü vurğulayır. Yazıda ölkəmizin təbiətinin, zəngin mədəniyyətinin, eləcə də ləziz mətbəxinin əcnəbilərin böyük marağına səbəb olduğu qeyd edilir. Azərbaycanı Qafqazın xəzinəsi adlandıran Stefan Rabimov oxucularını ölkəmizə səfər etməyə çağırır.