Respublikanın son 10 gün üzrə sululuq səviyyəsi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Unikal.org-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-60, Kiçik Qafqazın çaylarında 20-60, Lənkəran-Astara bölgəsi və Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, iyulun 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 77 m3/s olmaqla ongünlük normanın 50 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 102 m3/s olmaqla ongünlük normanın 67 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 26 m3/s olmaqla, ongünlük normanın 30 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 117 m3/s təşkil edərək ongünlük normanın 133 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, iyulun 28-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində və Araz çayının Novruzlu məntəqəsində 1, Şirvanda 6, Salyanda 8 sm artım, Bankədə 2 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 349 sm (2016-cı il iyulun 28-də 363 sm), Şirvanda 203 sm, Salyanda 120 sm (2016-cı il iyulun 28-də 143 sm), Bankədə 183 sm (2016-cı il iyulun 28-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 54 sm (2016-cı il iyulun 28-də 70 sm) təşkil edir.