ARB kanalının aparıcısı Hüseyn Azərin qardaşı, 29 yaşlı Cavid Əzizov Kürdəxanı çimərliyində boğulub.
Unikal.org xəbər verir ki, Yenicag.az-a açıqlama verən Hüseyn gözyaşları içərisində hadisə zamanı qardaşının yanında olduğunu dedi:
"Mən ARB-nin Tovuz bürosunda çalışıram. Evə ikigünlük gəlmişdim. Qardaşım israrla dedi ki, gedək dənizə. Etiraz etdim ki, bu küləkdə nə dəniz, başqa vaxt gedərik. Əl çəkmədi ki, necə qardaşsan, mənimlə dənizə də getmək istəmirsən. Məcbur qalıb, getdim. Elə suya təzəcə baş vurmuşdu ki, gördüm hündür bir dalğa onu görünməz etdi. Qışqırdım ki, tez sudan çıx. Gördüm tərpənmədən dalğanın ortasında qalıb. Qorxudan ürəyi partlayıbmış. Çünki meyiti yuyanlar dedilər ki, kürəyi qapqara idi. Mən onu dalğaların arasından güclə çıxartdım. Sahildə yarım saat təcili yardım maşını gözlədik. Ona süni nəfəs verdim, ağzından suyu qaytardı, amma ayılmadı. Heç xəstəxanaya çatdıra bilmədim. Evdən qardaşımı salamat apardım, meyiti ilə qayıtdım. Kaş onun yerinə mən öləydim.