Hazırda yaşadığımız dövrdə insanların iş yükü əvvəlki dövrlərə nisbətən daha çox və fərqlidir. Artan iş tempi isə insanlarda fiziki problemlərlə yanaşı psixoloji narahatlıqlara da yol açır.
Hər birimiz şahid olmuşuq ki, ətrafımızdakı iş yoldaşlarımızdan bəziləri "Artıq tükənmişəm, heç işləyə bilmirəm. Bu işdən zövq ala bilmirəm...", - kimi şikayətlər edirlər. Xüsusən də yay mövsümündə. Həmçinin onlarda səbəbsiz yerə əsəbilik, duyğusallıq, özünə inamsızlıq kimi psixoloji məqamlar da müşahidə edilir.
Hətta mediada da məşhur aktrisaların, modellərin öz işlərindən, belə deyək, təngə gələrək ayrılmaları barədə xəbərlər vaxtaşırı olaraq yer alır. Mütəxəssislər isə bütün bu əlamətləri tükənmişlik sindromu adlandırırlar.
Məlumat üçün bildirək ki, bu sindrom zamanı ən çox rastlanan şikayətlər unutqanlıq, diqqət əskikliyi, öyrənmə, əzbərləmə çətinlikləri, beyində ağırlıq hissi, biganəlik, dözümsüzlük və tez əsəbiləşməkdir.
Ümumdünya Sağlamlıq Təşkilatı isə hazırladığı hesabatda tükənmişlik
sindromunu çox işləməklə bağlı ortaya çıxan həddindən artıq duyğusal
yorğunluq və bunun nəticəsində iş və öhdəliklərin yerinə yetirilməməsi
kimi dəyərləndirib.
Tükənmişlik sindromunu depressiya ilə qarışdırmayın
Bəs depressiya ilə tükənmişlik sindromunun fərqi varmı? Bu, bir
xəstəlikdirmi? Ümumiyyətlə tükənmişlik adlandırılan bu sindromdan yaxa
qurtarmaq mümkündürmü? Milli.Az bildirir ki, ailem.az mövzu ilə bağlı
psixoloq Orxan Orucun fikirlərini öyrənib. Psixoloq deyib ki,
tükənmişlik sindromu, başqa sözlə "burn out" və ya yanma sindromu 5
ildən artıq eyni işdə işləyən insanların 70%-dən çoxunda rast gəlinə
biləcək psixoloji vəziyyətdir. Əsas əlamətləri depressiya ilə oxşar olsa
da, depressiyadan fərqli olaraq tükənmişlik sindromu sırf iş həyatı ilə
bağlı ümidlərin tükənməsi, motivasiyanın aşağı düşməsi ilə əlaqədar
yaranır: "Yəni insanın normal həyatı davam edir, şəxsi həyatında
münasibətləri qaydasında olur, həyatdan zövq ala bilir, amma iş
mühitində bu göstəriciləri aşağı düşür".
İşdə ədalətsizlik "burn out"-u qaçılmaz edir
Psixoloq bildirdi ki, tükənmişlik sindromunun əsas yaranma səbəbi
dəyişiklik olmayan eyni mühitdə uzun müddət işləməkdir: "Yəni vəzifə
artımı, əmək haqqı artımı olmadan işləmək, gözləntiləri ilə reallıqların
üst-üstə düşməməsi, məzuniyyətsiz və istirahətsiz işləmək, rəhbər şəxs
tərəfindən düzgün qiymətləndirirlməmək və ya motivasiya edilməmək,
komanda ruhunun zəifliyi, iş yükünün düzgün bölünməməsi, ədalətsizlik,
aşırı məsuliyyət və bənzər səbəblər "burn out"-u qaçılmaz edir".
İş yerinin dəyişdirilməsi də sindromu aradan qaldırmır...
Sindromun insan psixologiyasına, orqanizminə fəsadları ilə bağlı məlumat
verən O.Oruc söylədi ki, əksər vaxt tükənmişlik sindromunun olması hər
hansı fizioloji problemlərlə bağlı həkimə müraciət zamanı aşkarlanır:
"Davamlı baş ağrıları, mədə-bağırsaq problemləri, əzələ və sinir
ağrıları, iştahın pozulması kimi əlamətlər tükənmişlik sindromunun
göstəricisi ola bilər. Bu kimi ağrıları özü müalicə etməyə çalışan
şəxslər daha sonra tükənmişlik sindromunun qarşısının alınması
prosesinin bir qədər ləngiməsinə səbəb olurlar. Davamlı olaraq bu
sindromla yaşamaq iş keyfiyyətinin tamamilə aşağı düşməsinə və əvvəllər
zövq ala bildiyi işdən heç bir zövq ala bilməməyə səbəb olur. Bəzən iş
yerinin dəyişdirilməsi belə, sindromun əlamətlərinin aradan qalxmasına
kömək etmir. Bu, xüsusilə, mütəxəssis yardımı almadan uzun müddət bu
vəziyyətin davam etdiyi hallarda baş verir".
İşdən sonra telefonu bir kənara qoyun
Orxan Oruc deyir ki, "Burn out" xəstəliklərin beynəlxalq təsnifatında
xəstəlik kimi qeydə alınmayıb. Yəni rəsmi olaraq bu, xəstəlik deyil.
Ancaq yenə də tükənmişlik sindromuna ciddi yanaşılmalı, mümkün olan
bütün profilaktik tədbirlər həyata keçirilməlidir: "Bəzən "burn out"un
depressiyaya bənzər əlamətlərini gizlətmək üçün daha çox iş görməklə,
daha çox məsuliyyətin altına girməklə başlarını qatmağa çalışırlar.
Lakin bu, təbii olaraq tükənmişlik sindromuna məruz qalma prosesini və
onun ağır nəticələrinin yaşanılmasını daha da sürətləndirir".
Mütəxəssis məsləhət verdi ki, tükənmişlik sindromunun daha öncə
sadaladığımız əlamətlərini hiss etdikdə iş yükünü azaltmalı, işdən sonra
işlə bağlı düşünməməli, e-mail və telefonlar bir kənara qoyulmalıdır:
"Əlamətlər davamlı olarsa, mütləq psixoloji xidmət göstərən mütəxəssisə
müraciət etmək lazımdır. Ümumiyyətlə, rəhbər şəxslər də, işçilərinin
psixi vəziyyətinin iş keyfiyyətinə təsirini və korporativ hədəflərə
çatılmasında vacib olduğunu nəzərə alıb, iş mühitində komanda ruhunun
formalaşmasına, ədalət və şəffaflıq prinsipinin qorunmasına əməl etməli,
adi təşəkkürü işçilərdən əsirgəməməli, tez-tez korporativ işdən kənar
tədbirlər həyata keçirməlidir. Bunları etməklə işçilərin psixi
sağlamlığı qorunur ki, bu da şirkət və ya qurumun iş fəaliyyətinin daha
da uğurlu olmasına stimul verir".