İsmayıllı rayon İcra Hakimiyyəti "Yaşıl Market bazar kompleksi ətrafındakı qalmaqalla bağlı məlumat yayıb.
İcra Hakimiyyətindən Unikal.org-a daxil olan açıqlamada deyilir ki, İsmayıllı rayonuna sərmayə yatıran, istehsal və bizneslə məşğul olan bütün sahibkarlara qanun daxilində lazımi şərait yaradılır, çox böyük hörmət və ehtiramla yanaşılır:
"Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin son çıxışlarında ölkə regionlarına investisiya qoyuluşuna, investisiya yatırılmasına və sahibkarlığın inkişafına xüsusi önəm verilir. Bu baxımdan İsmayıllı rayonuna sərmayə yatıran, istehsal və bizneslə məşğul olan bütün sahibkarlara qanun daxilində lazımi şərait yaradılır, çox böyük hörmət və ehtiramla yanaşılır.
Bir sıra kütləvi informasiya vasitələrində isə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının "Yaşıl Market bazar kompleksinin sahibinə qarşı heç də həqiqətə uyğun olmayan məlumatlar yayılır.
İcra Hakimiyyəti bəyan edir ki, sahibkar Vidadi İsgəndərov 2014-cü ilin əvvəllindən başlayaraq İsmayıllı şəhərində özünə məxsus, keçmiş süd-yağ emalı zavodunun ərazisində "Yaşıl Market bazar kompleksinin tikintisinə başlayıb. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 2015-ci ilin III rübünün yekunlarına həsr olunmuş hesabat yığıncağında sahibkar V.İsgəndərov "Yaşıl Market bazar kompleksinin yaradılmasının mahiyyətini izah etmiş, yaradılan şəraitdən razılığını bildirmişdir. Sahibkarın məlumatından aydın olmuşdur ki, "Yaşıl Market İsmayıllı və ətraf rayonları, eləcə də İsmayıllı rayonundan çoxda uzaq olmayan Bakı şəhərini ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə elektron sifariş əsasında (internet vasitəsi ilə) təmin edəcəkdir. Həmçinin İsmayıllıda kənd təsərrüfatı məhsullarının ucuzlaşması üçün yeni rəqabət şəraiti olacaqdır.
Şübhəsiz ki, İcra Hakimiyyəti heç bir sahibkarın fəaliyyətini dayandırmaq səlahiyyətinə malik deyil. Saytlarda qeyd olunduğu kimi, İcra Hakimiyyətinin başçısı tərəfindən fəaliyyətdə olan mövcud bazarların bağlanması vədi həqiqətə uyğun deyildir. İnzibati amirlik yolu ilə fərdi sahibkarlıq obyektlərini açmağa, bağlamağa kimsə və ya hansı təşkilatsa səlahiyyətli deyildir. Belə hal baş verdikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi qanunamüvafiq tədbirlər görür.
Hörmətli sahibkar unudur ki, bazarın fəaliyyətinin qismən zəifləməsi manatın devalvasiyası və dolların dəyərinin qalxması ilə də əlaqəlidir. "Yaşıl Market rəhbərliyinin zəhmətini və vəsait xərcləməsini nəzərə alan İcra Hakimiyyəti tərəfindən ona qanun daxilində hər cür köməklik göstərilmişdir.
Biz hesab edirik ki, mədəni şəkildə kənd təsərrüfatı məhsullarının satışını təşkil etmək, bazarın fəaliyyətini canlandırmaq həmin bazar rəhbərliyi ilə kiçik sahibkarlar arasında bağlanan icarə müqavilələrinin qiymətindən də asılıdır.
İcra Hakimiyyəti tərəfindən azad rəqabət daxilində hamı üçün eyni şərait yaradılmışdır. Qeyri-qanuni fəaliyyət göstərən obyektlər, pərakəndə küçə ticarəti və satışı dayandırmaq barədə və onları "Yaşıl Market bazar kompleksinə cəlb olunması üçün həm Respublikanın aidiyyəti qurumlarına, həm də rayon hüquq-mühafizə orqanlarına tərəfimizdən rəsmi müraciət edilmişdir.
Biz sahibkarın keçirdiyi nərahatlığı başa düşür, həmişə ona qanun daxilində köməklik göstəririk.
İsmayıllı Rayon İcra Hakimiyyəti olaraq kütləvi informasiya vasitələrində "Yaşıl Market bazar kompleksi barədə gedən hər bir məlumatı obyektiv qaydada, düzgün araşdırdıqdan sonra ictimailəşdirməyi xahiş edirik.