Azərbaycan Prezidenti İlham Əliyev tanınmış professor Siddiqə Rza qızı Məmmədovanın vəfatı ilə əlaqədar nekroloq imzalayıb.

Unikal.org xəbər verir ki, nekroloqda deyilir:

Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib. Görkəmli bioloq alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Siddiqə Rza qızı Məmmədova 2017-ci il avqustun 5-də ömrünün 93-cü ilində vəfat edib.

Qeyd edək ki, Siddiqə Məmmədova 1925-ci il mart ayının 8-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şəhriyar kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1940-1943-cü illərdə Gəncə Kənd Təsərrüfatı Texnikumunda oxuyub, 1943-1947-ci illərdə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsində ali təhsil almışdır. Siddiqə Məmmədova 1948-1951-ci illərdə həmin institutun aspirantı olub.

Əmək fəaliyyətinə 1952-ci ildən etibarən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda başlayan Siddiqə Məmmədova 1963-cü ilədək burada assistent və dosent vəzifələrini tutub. O, 1963-cü ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru təyin edilib və ömrünün sonunadək həmin vəzifədə çalışıb.

Siddiqə Məmmədova 1952-ci ildə kənd təsərrüfatı elmləri namizədi, 1971-ci ildə biologiya elmləri doktoru elmi dərəcələrini alıb. O, entomologiya ixtisası üzrə 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib.

Akademik Siddiqə Məmmədova respublikada kənd təsərrüfatı elmləri sahəsində uzunmüddətli səmərəli fəaliyyətinin nəticəsi olan çoxsaylı tədqiqatları ilə tanınıb və qazandığı uğurlarla Azərbaycan elminin inkişafına töhfələr verib. Siddiqə xanım əsərlərində bitkilərin mühafizəsində ekoloji cəhətdən təhlükəsiz və yeni texnologiyaların tətbiqini, eləcə də kənd təsərrüfatı bitkilərinin zərərli faunasına qarşı mübarizə üsullarının işlənib hazırlanmasını xüsusilə diqqət mərkəzində saxlayıb. Alimin aktual mövzulara həsr olunmuş araşdırmaları respublikada aqrar elmlər qarşısında duran bir sıra mühüm vəzifələrin həllinə kömək göstərib.

Siddiqə Məmmədova zəngin elmi yaradıcılığı ilə pedaqoji fəaliyyətini uğurla əlaqələndirib. O, uzun illər Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda yüksək ixtisaslı kadrların hazırlanması işinə böyük əmək sərf edib. Alimin rəhbərliyi ilə onlarla fəlsəfə və elmlər doktorları yetişdirilib.

Siddiqə Məmmədovanın bitki mühafizəsi sahəsində apardığı çoxillik araşdırmaların nəticələri 200-dən artıq elmi əsərdə, o cümlədən 3 monoqrafiya və 5 tədris vəsaitində əksini tapıb. Müxtəlif ixtiralara görə aldığı 10-dan artıq patent alimin gərgin əməyinin bəhrəsidir. Siddiqə Məmmədova iştirakçısı olduğu mötəbər elmi konfrans və simpoziumlardakı əhatəli çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil edib.

Siddiqə Məmmədovanın ictimai fəaliyyəti də təqdirəlayiq olmuşdur. O, sakini olduğu Gəncə şəhərinin sosial həyatında həmişə yaxından iştirak edərək, öz prinsipiallığı və obyektivliyi ilə nüfuz qazanmışdır. Siddiqə xanım bir neçə çağırış yerli sovet və Azərbaycan Ali Sovetinin deputatı seçilib.

Siddiqə Məmmədovanın ölkədə elmin inkişafı sahəsindəki xidmətləri daim yüksək qiymətləndirilib. Alim bir sıra orden və medallarla təltif edilmiş, müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən "Şöhrət və "Şərəf ordenlərinə, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna layiq görülüb.

Görkəmli alim və tanınmış pedaqoq, səmimi insan Siddiqə Rza qızı Məmmədovanın əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Elçin Əfəndiyev

Akif Əlizadə

Heydər Əsədov

Mikayıl Cabbarov

Dilqəm Tağıyev

Əhliman Əmiraslanov

Məmməd Salmanov

Məhərrəm Babayev

Qərib Məmmədov

Urxan Ələkbərov

İbrahim Cəfərov

Elmar Vəliyev