"Ermənistanın törətdiyi təxribat və hücumların qarşısını almaq üçün Azərbaycanın atmalı olacağı addımların məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşür".
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti şərh edərkən deyib.
O qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca yaşayış məntəqələrini atəşə tutması və mülki insanları qəsdən hədəfə alması kimi əməllərinin nəticəsində 7 avqustda Tovuz rayonunun Qaralar kəndinin sakini 13 yaşlı Yusifov Ramin xəsarətlər alıb: "İyulun 4-də isə Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini ağır silahlardan hədəfli şəkildə və qəsdən atəşə tutması nəticəsində 51 yaşlı Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhra qətlə yetirildi, 52 yaşlı Quliyeva Sərvinaz isə ağır yaralandı.
Ermənistanın bu vəhşiliyinin, xüsusilə azyaşlı uşağı və qadınları hədəfə almasının beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə pislənilməsinə baxmayaraq, Ermənistan bu çirkin əməllərindən nəticə çıxarmayaraq 7 avqustda 13 yaşı Yusifov Raminin yaralanması ilə nəticələnən növbəti barbar əməli törətdi".
XİN rəsmisi vurğulayıb ki, mülki insanların, o cümlədən uşaqların hədəfə alınması və qətlə yetirilməsi məqsədi daşıyan qəddar əməllər Ermənistanın siyasi-hərbi rəhbərliyinin yürütdüyü dövlət terrorizm siyasətidir: "25 ildən artıq dövr ərzində Ermənistanın Azərbaycana qarşı apardığı müharibə nəticəsində Ermənistan tərəfindən çoxsaylı hərbi cinayətlər, soyqırım və bəşəriyyət əleyhinə cinayət əməlləri törədilib. Xocalı soyqırımı bunun ən dəhşətli və qanlı nümunələrindən biridir.
2016-cı ilin aprelində Ermənistan rəhbərliyinin törətdiyi hərbi avantüra nəticəsində cəbhə xətti boyunca 34 mülki şəxs yaralandı, arasında uşaq olmaqla 6 nəfər həlak oldu. Mülki Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan silahlı qüvvələri əks-həmlə tədbirləri həyata keçirdi, atəş məntəqələrini susdurdu və işğal altında olan bir sıra strateji məntəqələri işğaldan azad etdi.
Ermənistan Respublikasının yenilənmiş hərbi doktrinasında cəbhə xətti boyunca asimmetrik hücumların həyata keçirilməsi və bu xüsusda mülki insanların və obyektlərin hədəfə alınması artıq açıq şəkildə təsbit olunub. Ermənistana münasibətdə hökm sürən cəzasızlığın nəticəsidir ki, Ermənistanın hərbi rəhbərliyi mülki insanlar və mülki obyektlərin hədəfə alınmasından çəkinmədiklərini etiraf edən bəyanatlarla çıxış edirlər".
H.Hacıyev bildirib ki, Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır: "Müasir beynəlxalq hüquqa əsasən bu əməllərə görə bir dövlət olaraq Ermənistan Respublikası ilə bərabər, Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslər də bilavasitə məsuliyyət daşıyırlar.
Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu danışıqlar prosesinə ciddi maneədir, hərbi risklərin və gərginliyin yaranmasının əsas səbəbidir. İşğala əsaslanan qəbuledilməz və qeyri-davamlı status-kvonun dəyişdirilməsi üçün ilk növbədə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunmalıdır.
26 iyul tarixində Xarici İşlər və Müdafiə Nazirlikləri Ermənistanın təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca sistematik şəkildə atəşkəsi pozması, təxribatlar törətməsi və qəsdən yaşayış məntəqələrini və mülki insanları hədəfə alması barədə Ermənistana xəbərdarlıq məqsədi daşıyan birgə bəyanatla çıxış etdilər".