Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin laboratoriyalarında аtmоsfеr hаvаsından götürülmüş nümunələr, su nümunələri, torpaq nümunələri üzərində analizlər aparılıb, həmçinin respublikanın hava hövzəsində rаdiоaktiv çirklənmə üzrə müşÐ°hidələr keçirilib.
Bu barədə unikal.org-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, avqustun 8-də atmosfer havasının çirklənməsinin monitorinqi zamanı Bakı şəhərində əsas çirkləndiricilərdən olan azot 4-oksidin birdəfəlik maksimal qatılığının 1.4, his 1.1, furfurolun isə 1.6 dəfə YVQH-ni (yol verilən qatılıq həddi) keçdiyi məlum olub. Sumqayıt şəhərində əsas çirkləndiricilərdən olan azot 4-oksid 1.4, xlor 1.0 dəfə YVQH-ni keçib. Mingəçevir, Gəncə, Şəki və Naxçıvan şəhərlərində isə atmosfer havasının çirklənməsi norma daxilində olub.
Avqustun 8-də səth sularının monitorinqi zamanı 8 su nümunəsi götürülüb, 48 analiz aparılıb. Nəticələrin təhlilinə əsasən, Kiçik Qafqazın çaylarının suyunda oksigen rejimi, hidrogen göstəricisi norma daxilində olub. Sular rəngsiz və qoxusuzdur. Həmin gün torpaqların çirklənməsinin monitorinqi zamanı götürülmüş 8 torpaq nümunəsində 16 fiziki-kimyəvi analiz aparılıb. Analizin nəticələri norma daxilində olub.
Ətraf mühitin radiasiya fonu üzrə müşahidələr respublikanın bütün bölgələrində gün ərzində üç dəfə olmaqla (09:00, 15:00, 18:00 saatlarında) və 6 transsərhəd ərazilərdə (Astara, Beyləqan, Sədərək-Naxçıvan MR, Ağstafa, Quba rayonları və Pirallahı adası-Bakı) fəaliyyət göstərən tam avtomatlaşdırılmış onlayn erkən radioloji xəbərdarlıq monitorinq nəzarəti sistemi vasitəsilə fasiləsiz olaraq aparılıb.
Belə ki, Bakı-Abşeron bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 6-17 mkR/saat - faktiki radiasiya şəraiti 9-10 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib.
Naxçıvan MR-in ərazisində radiasiya təbii fonu yay fəsli üçün 8-21 mkR/saat - faktiki radiasiya şəraiti 11-12 mkR/saat olaraq qeydə alınıb və təbii fon daxilində dəyişib.
Kiçik Qafqaz bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 5-21 mkR/saat - faktiki radiasiya şəraiti 9-13 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib.
Böyük Qafqaz bölgəsində radiasiya təbii fonu yay fəsli üçün 5-26 mkR/saat - faktiki radiasiya şəraiti 9-23 mkR/saat arasında dəyişib (bu bölgədə dağ süxurlarının fiziki-kimyəvi xüsusiyyətlərindən asılı olaraq təbii fonun digər bölgələrə nisbətən yüksək olması bölgə üçün xarakterikdir).
Mərkəzi Aran bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 6-18 mkR/saat - faktiki radiasiya şəraiti 10-17 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib.
Lənkəran-Astara bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 5-19 mkR/saat - faktiki radiasiya şəraiti 9-11 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib.
Ümumilikdə gün ərzində respublikanın ayrı-ayrı bölgələrindən daxil olan müşahidə məlumatlarına əsasən, təbii mühitin radiasiya fonunun norma daxilində dəyişdiyi qeydə alınıb.