Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
MTRŞ-dan unikal.org-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası ərazisində rəqəmsal yayıma keçiddən sonra boşalan tezlik resurslarından səmərəli istifadə olunması ilə bağlı məsələlər müzakirə edilib.
Müzakirələrə uyğun olaraq iclasda yüksək keyfiyyətli rəqəmsal (HD) yayımın həyata keçirilməsi üçün "Azad Azərbaycan Teleradio Kompaniyasına ("ATV televiziyası) və "Xəzər televiziyasına müvafiq olaraq 35-ci və 29-cu yayım kanallarının ayrılması barədə qərar qəbul olunub.
Həmçinin "TV Texservis kabel şəbəkəsi yayımçısı tərəfindən TV yayım proqramlarının kodlanmış yayımının həyata keçirilməsi üçün 22-ci TV yayım kanalının onun istifadəsinə verilməsi barədə qərar qəbul edilmişdir. Eyni zamanda iclasda Qubada fəaliyyət göstərən "Xəyal Müstəqil Televiziya və Radio Şirkətinın adının dəyişdirilməsi ilə əlaqədar olaraq ona verilmiş regional televiziya yayımı üçün xüsusi razılığın (lisenziyanın) "Qafqaz Müstəqil Televiziya və Radio Şirkətinın adına rəsmiləşdirilməsi və "Albax TV MMC-yə 27 iyul 2011-ci il tarixdə kabel şəbəkəsi yayımı üçün 6 il müddətinə verilmiş xüsusi razılığın (lisenziyanın) müddətsiz hesab edilməsi barədə qərarlar qəbul edilmişdir.