Azərbaycan Prezidenti İlham Əliyev R-16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin bərpası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, sərəncamda qeyd olunub ki, regionların davamlı və tarazlı inkişafının təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqamətlərindəndir.
Sənəddə bildirilib ki, Аzərbаycаn Prezidentinin müvafiq aktları ilə təsdiq olunmuş regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla icrası nəticəsində son illər ərzində ölkədə bir sıra respublika və yerli əhəmiyyətli avtomobil yolları, körpülər, yol ötürücüləri tikilmiş və təmir edilmişdir.
Bu tədbirlərin davamı kimi, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, R-16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin bərpası ilə bağlı işlər görülməkdədir. Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşən, mühüm turizm marşrutuna daxil olan, Qax və Zaqatala rayonlarının 37,3 min nəfərdən çox əhali yaşayan 22 yaşayış məntəqəsini birləşdirən bu avtomobil yolunun müasir tələblərə uyğun yenidən qurulması bölgədə nəqliyyat xidmətlərinin daha da yaxşılaşmasına imkan verəcək".
Sərəncama əsasən Qorağan-Qax-Zaqatala avtomobil yolunun 29,8 kilometrlik Qax-Zaqatala hissəsinin bərpası layihəsinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulan vəsaitdən "Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinə 23,3 milyon (iyirmi üç milyon üç yüz min) manat ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməlidir.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.