"Deputat Astan Şahverdiyevlə bağlı məsələyə sentyabrın 15-də deputatlar işə çıxandan sonra baxılacaq.
Unikal.org xəbər verir ki, bunu "Ölkə.Az-a açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədri, deputat Ağacan Abıyev bildirib.
Komissiya sədri deyib ki, deputatlar işə çıxandan sonra Astan Şahverdiyevlə bağlı daxil olan şikayətlərə baxılacaq:
"Astan Şahverdiyevlə bağlı şikayətlərə baxıldıqdan sonra müvafiq qərar qəbul olunacaq. Əgər şikayətlər olsa, yəqin ki, Astan Şahverdiyevə yenə qulaqburması veriləcək. Ancaq hələlik məlum deyil ki, onunla bağlı hansı şikayətlər var. Bu məsələ obyektiv araşdırılandan sonra müvafiq addımlar atılacaq.
A.Abıyev Astan Şahverdiyevin mandatının ləğv ediləcəyi barədə yayılan xəbərlərə də münasibət bildirib:
"Mən heç zaman deməmişəm ki, Astan Şahverdiyevin mandatı ləğv olunacaq. Bunu mənə sual verənlər yazır. Mən indidən Astan Şahverdiyevin mandatının ləğv olunub-olunmayacağını dəqiq deyə bilmərəm. Məsələ obyektiv araşdırılacaq. Elə şikayət ola bilər ki, o bizlik olmaz, həmin məsələni Baş Prokurorluğa göndərə bilərik, mandat məsələsini də Prokurorluq həll edər. Mandatın alınması məsələsi prokurorluğun səlahiyyətinə aiddir. Ona görə də jurnalistlər bu məsələdə tələsməməlidir. Əmin olun ki, məsələ obyektiv araşdırılacaq.
A.Abıyev həmçinin qeyd edib ki, əgər hər hansı deputat və ya digər şəxs oğurluq edib özünə biznes qurubsa, bunu araşdırmaq üçün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi, müstəntiq var:
"İntizam Komissiyası dünyanın bütün parlamentlərində var. Bizim işimiz Milli Məclisdə deputatların nizam-intizam məsələsinə baxmaqdır. Yoxsa ki, küçədə kimsə kimisə vurursa, söyüş söyürsə, buna biz baxmırıq, polis baxır. Bəzən jurnalistlər də bu məqamı qarışdırırlar. Milli Məclisin İntizam Komissiyası yalnız və yalnız parlament üzvlərinin qeyri-etik davranışlarına qiymət verir.