Sudan Prezidenti Ömər Həsən Əhməd əl-Bəşir Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Unikal.org xəbər verir ki, təbrikdə deyilir: "Zati-aliləri, Sudan ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan müstəqilliyini bərpa edəndən bəri ölkələrimiz arasında bir çox sahələrdə əlaqələr qarşılıqlı dinamik siyasi dialoq, səmərəli və uğurlu əməkdaşlıq əsasında inkişaf edir. Əminəm ki, iqtisadi, ticari, texniki, humanitar sahələrdə və xalqlarımız arasında əlaqələr bundan sonra da hərtərəfli, davamlı və geniş şəkildə inkişaf edəcək.

Mən inanıram ki, birgə səylərimizlə potensialımızdan daha yaxşı istifadə edə və məqsədlərimizə nail ola bilərik.

Zati-aliləri, xahiş edirəm Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə inkişaf və rifah arzularımı qəbul edin.