Xəbər verdiyimiz kimi Türkiyə mətbuatı prezident Rəcəb Tayyib Ərdoğanın sentyabrın 10-11-də Azərbaycana səfər edəcəyi ilə bağlı məlumat yayıb.
Səfər çərçivəsində hansı mövzuların müzakirəsi gözlənilir?
Unikal.org-un məlumatına görə, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu səfərlə bağlı fikirlərini bölüşüb:
"Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan 10-11 sentyabrda Azərbaycana gələcək. Səfərin aktuallığını artıran məqamlar hansılardır? Birincisi, Bakı-Tiflis-Qars dəmiryolu tamamlanıb. İkincisi, Azərbaycan qazını Türkiyə üzərindən Avropaya daşıyacaq boru xətlərinin inşaatı sürətlə gedir. Üstəgəl Türkiyə bu layihədə Türkmənistanın iştirakını da arzulayır. Üçüncüsü, Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçidinə ehtiyac var. Dördüncüsü, Fətullah Gülənin vaxtilə xarici ölkələr içərisində ən güclü şəbəkəsi Azərbaycanda idi, aparılan tədbirlər nəticəsində qol-qanadı qırıldı, ancaq nəfəs aldığına dair Ankaranın şübhələri ola bilər. Fikrimcə, Ərdoğan əməkdaşlıqdakı sadalanan istiqamətləri müzakirə etmək, mövcud durumu dəyərləndirmək və gələcək planlara bir daha göz gəzdirmək baxımından Bakıya gəlir".