Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevavqustun 19-da Göygöl rayonuna səfərə edib.

Unikal.org xəbər verir ki, dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Göygöl şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Bildirilib ki, bu ərazi istər rayon sakinlərinin, istərsə də Göygölün qonaqlarının istirahət üçün üz tutduqları ən sevimli məkanlardan biridir.

Səfər çərçivəsində avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöldəki Qələbə parkında yaradılan şəraitlə tanış olub.

Dövlət başçısına parkda görülən işlər, yaradılan şərait barədə məlumat verildi.

Daha sonra İlham Əliyev Göygöldə əsaslı şəkildə yenidən qurulan 4 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Prezident uşaq bağçasında yaradılan şəraitlə tanış olub.

Göygöl rayonunun Aşağı Zurnabad qəsəbəsi ərazisindəki 3 MVt-luq "Çiçəkli Su Elektrik Stansiyası əsaslı yenidənqurmadan sonra bu gün istismara verilib.
Prezident İlham Əliyev stansiyanın yenidənqurmadan sonra açılışında iştirak edib.
"Azərenerji ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına stansiya barədə məlumat verib.

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Göygöl Rayon İdarəsinin inzibati-laboratoriya binasında və zona baytarlıq laboratoriyasında yaradılan şəraitlə tanış olub.

Dövlət başçısı Kənd Təsərrüfatı Nazirliyinin Göygöl Rayon İdarəsinin inzibati-laboratoriya binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Kənd təsərrüfatı naziri Heydər Əsədov Prezident İlham Əliyevə elektron kənd təsərrüfatı sistemi barədə məlumat verdi.
Laboratoriya ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Sonra kənd təsərrüfatı naziri Heydər Əsədov dövlətimizin başçısına Dövlət Baytarlıq Xidməti tərəfindən rayon baytarlıq idarələrinə epizootik tədbirlərin aparılması, baytarlıq xidmətlərinin göstərilməsi üçün lazım olan avadanlıq, ləvazimatlar barədə məlumat verdi. Burada, eyni zamanda, xüsusi geyim vasitələri, cərrahi əməliyyat dəstləri, heyvanlarda müxtəlif xəstəliklərə dair bukletlər və əyani vəsaitlər sərgilənir. Müəssisənin anbarlarında isə vaksinlər saxlanılır. Onlar xüsusi rejimdə soyuducu konteynerlərə yığılır. Beləliklə, regionlara istənilən dərman maddələrinin və vaksinlərin təhlükəsiz daşınması mümkün olur.

Sonda xatirə şəkli çəkdirildi.

İlham Əliyev avqustun 19-da Göygöl rayonuna səfəri çərçivəsində Respublika Süni Mayalanma Mərkəzinin açılışında da iştirak edib.

Ölkə başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.