Bundan sonra kənd təsərrüfatı ancaq məhsuldarlığın artımı hesabına inkişaf etməlidir.
Unikal.org -un məlumatına görə, bunu Prezident İlham Əliyev avqustun 20-də Gədəbəy rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Dövlətimizin başçısı qeyd edib: "Biz gələcəkdə istehsalın artımına ancaq məhsuldarlığın artımı hesabına nail ola bilərik. Dünən Göygöl rayonunda açılan kənd təsərrüfatı laboratoriyasının fəaliyyəti nəticəsində biz buna nail ola bilərik. Ona görə, bütün fermerlərə, kəndlilərə məsləhət görürəm ki, məhsuldarlığın artımına böyük diqqət göstərsinlər. Bu, ilk növbədə, onlara və dövlətə lazımdır. Çünki biz özümüzü bütün ərzaq məhsulları ilə tam şəkildə təmin etməliyik.
Biz onu da bilməliyik ki, Azərbaycan əhalisi hər il 100 min nəfər artır. Yəni, bu, çox gözəl göstəricidir. Bu, onu göstərir ki, ölkəmizdə sürətli inkişaf var. Ancaq inkişaf olan ölkələrdə belə müsbət dinamika var. Çünki indi bəzi ölkələrdə əhali nəinki artır, azalır. Həm təbii azalma, həm miqrasiya var. Bizdə nə miqrasiya, nə təbii azalma var. Çünki ölkə iqtisadiyyatı sürətlə inkişaf edir, iş yerləri açılır, insanlar üçün şərait yaradılır, bax, belə gözəl infrastruktur obyektləri tikilir.
Prezident vurğulayıb ki, Azərbaycan vətəndaşları öz torpağına çox bağlıdırlar: "Ancaq biz bu amili mütləq həmişə yadda saxlamalıyıq ki, Azərbaycan əhalisi hər il yüz min nəfər artır. Əlbəttə ki, bu, bizim qarşımıza yeni tələblər qoyur. Yeni məktəblər, uşaq bağçaları, xəstəxanalar tikilməlidir, infrastruktur yaradılmalıdır və əlbəttə ki, ərzaq məsələləri həllini tapmalıdır. Biz bu gün özümüzü ərzaq məhsulları ilə tam təmin etmək üçün böyük işlər görürük. Ancaq bizim torpaq fondumuz məhduddur. Ona görə, bundan sonra kənd təsərrüfatı ancaq məhsuldarlığın artımı hesabına inkişaf etməlidir, o cümlədən Gədəbəy rayonunda.