Rusiyada pauerlifting üzrə dünya çempionu Andrey Draçevi döyərək öldürən azərbaycanlı Anar Allahverənov təslim olub.

Unikal.org xəbər verir ki, sportfm.az-a bu barədə məlumatı Xabarovskdakı Azərbaycan diasporunun fəallarından Qafur Əliyev verib:

"Hadisə Xabarovsk şəhərinin kafelərindən birində səhər saat 6-da baş verib. Anarla Andrey arasında söz-söhbət yaranıb və onlar məsələni aydınlaşdırmaq üçün bayıra çıxıblar. Bəzi mətbuat orqanlarında yazılıb ki, guya azərbaycanlılar əvvəlcə Draçevi təkləyiblər. Belə bir şey olmayıb. Onlar təkbətək döyüşüblər. Anar əlbəyaxa döyüş növləri ilə məşğul olur, özü tikinti sahəsində çalışır. Əslən Sumqayıtdandırlar. Qardaşı Natiq Allahverənov buralarda çox hörmət edilən bir şəxsdir. Bildiyimə görə, dünən onu tutublar, ya da Anar özü təslim olub. İndiyədək burada etnik zəmində heç bir problem yaşanmayıb".

Qeyd edək ki, faktla bağlı "Qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi başlayıb.