Tanınmış meyxanaçı Bayram Kürdəxanılının (Bayramqulu Quliyev) ölümü ilə bağlı cinayət işi açılıb.
Unikal.org xəbər verir ki, Sabunçu rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, Bayram Kürdəxanılının avtomobillə vurulması faktı ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, hadisəni törədən sürücü şübhəli şəxs qismində saxlanılıb.
Hazırda başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, Bayram Kürdəxanılı ötən gecə Kürdəxanı qəsəbəsində yolu keçərkən onu qəsəbə sakini Emin Fərhadovun idarə etdiyi "Peugeot" markalı avtomobil vurub. B.Kürdəxanılı ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Məlumata görə, hadisə B.Kürdəxanılı qəsəbədəki toy mərasimindən evinə gedərkən baş verib.