"Azərbaycanın müstəqillik əldə edikdən sonra ilk uğurlu islahatlarından biri də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) yaradılması oldu. O zaman qeyri-obyektiv seçimlər gedirdi. Amma TQDK dünya standartlarına cavab verən üsul və vasitələrdən istifadə edərək ali təhsil ocaqlarına qəbulu həyata keçirməyə başladı".
Unikal.org xəbər verir ki, bu fikirləri Sputnik-ə açıqlamasında təhsil eksperti Kamran Əsədov səsləndirib. TQDK-nın imtahan prosesinin şəffaf keçirilməsinə nəzarət edən qurum olduğunu deyən ekspertin sözlərinə görə, Komissiya operativ fəaliyyət göstərməsi ilə də fərqlənib: "Vətəndaşlar nə zaman istəsəydilər, suallarını quruma ünvanlayıb cavab ala bilirdilər. Hansı ki, digər qurumlarda belə operativlik, demək olar ki, yoxdur".
TQDK-nın hansı zərurətdən ləğv edilməsinə gəldikdə, K. Əsədovun sözlərinə görə, əslində sözügedən qurum ləğv olunmayıb, sadəcə adı dəyişdirilib: "Digər bir qurum vardı - Dövlət Qulluğu Məsələləri üzrə Komissiya. Bu qurum ləğv edildi və TQDK ilə birləşərək, yeni yaranan Dövlət İmtahan Mərkəzində birləşdirildi".
"Bunun səbəbi isə odur ki, Azərbaycan müxtəlif beynəlxalq təşkilat və qurumların üzvüdür və dövlət qurumlarının sənədi beynəlxalq arenada mühüm rol oynayır. TQDK sözü beynəlxlq arena üçün məhdudiyyət yaradırdı. Çünki, TQDK tək tələbə qəbulunu deyil, eyni zamanda magistr, kolleclərə qəbulu, digər qəbulları həyata keçirirdi. Amma qurumun adında konkretlik vardı. Sadəcə yeni yaradılan qurumun adı daha universallaşdı və bu da daha məqsədəuyğundur", -deyə mütəxəssis bildirib.
Burda daha bir yeniliyin olduğunu deyən həmsöhbətimizin dediyinə görə, əvvəllər TQDK qəbul və sınaq imtahanlarını təkbaşına həyata keçirirdisə, artıq yeni yaradılan Dövlət İmtahan Mərkəzi görəcəyi işlərdə, edəcəyi nəşrlərdə, dərsliklər və kitabların çapında Təhsil Nazirliyi ilə ortaq məxrəcə gələrək qərar verməli olacaq: "Son illər iki qurumun arasında gedən mübarizədə Təhsil Nazirliyi, haardasa istədiyinə nail oldu. Artıq nazirlik qəbul prosesində öz təkliflərini qəbul etdirə biləcək".
Test üsulunun ləğv edilib-edilməyəcəyinə gəlincə, ekspert qeyd edib ki, builki qaydalarda dəyişikliklər yoxdur: "Bu il sənəd qəbulu və qəbul imtahanı köhnə qurumun qoyduğu qaydalar əsasında aparılacaq. Yeni İmtahan Mərkəzinin qaydaları isə yeni təhsil ilindən həyata keçiriləcək. Müsabiqə yenə də test imtahanı ilə olacaq. Yeni nizamnamədə də test imtahanı üsulu ilə davam etdiriləcək. Bir yenilik də İmtahan Mərkəzinin 1 milyon manat büdcəsinin olması ilə bağlıdır. Bu da qurumun gələcəkdə başqa yollara əl atmamasına səbəb olacaq".
Xaricdə təhsil üzrə ekspert Bəxtiyar Hacıyev isə düşünür ki, bu struktur dəyişikliyi, qurumun daha az ştat vahidi ilə daha effektiv işləməsinə hesablanıb. "Düşünmürəm ki, TQDK-nın əvvəl gördüyü işlərə dəyişiklik ediləcək. Hələlik sadəcə ad dəyişdirilib", -deyə o, Sputnik-ə açıqlamasında bildirib.
Test üsulunun ləğvi və kasıb ailələrin övladlarının ali məktəblərə qəbulunda maneələr yaradılıb-yaradılmayacağı ehtimalına gəldikdə, B. Hacıyev test üsulunun ləğvinin tərəfdarı olduğunu deyib, amma: "Mən həm Azərbaycanda, həm də xaricdə təhsil almış biri kimi deyə bilərəm ki, test üsulu ilə qəbul effektli deyil. Mən düşünürəm ki, hər bir universitet özü tələbə qəbulu həyata keçirsə, daha gözəl olar".
"Çox ölkələrdə bu sistemdən istifadə edilir. Sadəcə Azərbaycanda korrupsiyanın bir çox növləri inkişaf etdiyindən, təhsildə inkişaf əvəzinə, geriləmə olar. Ona görə hələ korrupsiya tamamilə ölkədə ləğv olunmayana kimi, test üsulunu ən mükəmməl üsul kimi qəbul edirəm", -deyə ekspert vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilib və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin yaradılıb.
Bunun ardınca cəmiyyətdə narahatlıq dolu müzakirələr meydana gəlib.