Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin doğum günü ilə bağlı keçmiş ANS kanalının qonaq evində bir qrup KİV nümayəndələrinin iştirakı ilə ziyafət verilib.

Unikal.org xəbər verir ki, tədbirdə ANS-in prezidenti Vahid Mustafayev və vitse-prezidentlər Seyfulla Mustafayev, Mirşahin Ağayev də iştirak edib.

V.Mustafayev tədbiri açıq elan edərək qardaşı Çingiz Mustafayevin həyat və yaradıcılığı barədə danışıb. O bildirib ki, Çingizin müharibədən başlayan jurnalist həyatı elə orada da bitdi. "Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya bağlandı. O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başladı. Ancaq Çingiz yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənməyib. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı agentlikləri və televiziyalarına yol tapmasında böyük rol oynadı.

V.Mustafayev Çingiz Mustafayev doğum günü ərəfəsində qardaşı haqqında məqalə yazan jurnalistlərə öz təşəkkürün bildirib. Vurğulayıb ki, hər il Çingizin doğum gününü ANS kanalı vasitəsi ilə xatırlanırdısa, hazırda bunu etmək mümkün olmadı. Bu şans olmadığından yazılı mətbuatda çalışan jurnalistlər bu ən-ənəni davam etdirməklə öz vətənpərvərliklərini bir daha nümayiş etdirmiş oldular.
ANS prezidenti Mirşahin barəsində də marağılı fikirlər səsləndirib: "Allah Təala Çingizi bizim əlimizdən alıb, Mirşahini bizə qardaş etdi. Mirşahin bizə əsl Çingiz oldu! Biz analarımıza mama, atalarımıza isə papa deyirik. Bu gün onun valideyinləri mənim, mənim valideyinlərim isə onun ailəsidir.

Daha sonra Milli Qəhrəmanımızın atası Fuad Mustafayev mətbuatı Çingiz Mustafayevlə bağlı mütəmadi yazılar dərc etməyə çağırdı və bu işə biganə yanaşmamağı tövsiyyə etdi:

"Çingiz Mustafayev mənim sözümə baxmayıb güllə altına getdi. Deyirdim, a bala, gedib girmə güllə altına. Amma o, Ana Vətəninə görə, atasının sözündən də keçdi. Sonda Çingiz şəhid oldu. Ona görə də hər bir vətənpərvər media işçisini Çingizlə bərabər, digər Milli Qəhramanlarımız, şəhidlərimiz barədə ənənəvi olaraq məqalələr yazmasına çağırıram.

Daha sonra ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist Mirşahin Ağayev də Çingiz Mustafayev barəsində xatirələrini bölüşüb. Telejurnalist hesab edib ki, Çingiz Mustafayevi unudan adam vətənpərvərlikdən uzaq adamdır: "Çingiz telejurnalist olmaqla bərabər həm də gənclərimizi döyüşə kökləyən insan idi. Təssüflər olsun ki, biz Çingizi Qarabağda itirdik. Amma buna baxmayaraq bu gün də insanların qəlbində Çingiz yaşayır!.

Tədbirdə bir sıra KİV rəhbərləri və nümayəndələri də Çingiz Mustafayev barəsində fikirlərini səsləndirdilər.

Daha sonra Vahid Mustafayev bir qrup jurnalistlərə Çingiz Mustafayevin adına ABŞ-da hazırlanmış mükafatlar təqdim edib.