"Dövlət orqanlarının mətbuat xidmətlərinin rəhbərləri və əməkdaşları işlədikləri qurumların kütləvi informasiya vasitələri ilə əlaqələrinin tənzimlənməsinə, həmin təşkilatların fəaliyyəti haqqında ictimai rəyin formalaşmasına bilavasitə məsul olan şəxsdirlər. Onlar təmsil etdikləri qurumların media ilə münasibətlərini sağlam zəmində, işgüzarlıq, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq prinsipləri üzərində qurmalı, öz statuslarına uyğun davranmalı, açıqlamaları və öz fikirlərində etik çərçivəni daim gözləməlidirlər. Mətbuat xidmətinin əməkdaşı həmişə diqqət mərkəzində, sanki kamera və ya mikrofon qarşısında olduğunu unutmamalı və özünü də buna adekvat aparmalıdır".
Unikal.org xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Nazirlər Kabinetinin mətbuat xidmətini rəhbəri Akif Əlinin tanınmış alim Lütfi Zadə haqqında xoşagəlməz fikirləri ilə bağlı deyib.
Əli Həsənov bildirib ki, Lütfi Zadə təkcə tanınmış alim deyil, həm də bizim dünyaca məşhur soydaşımızdır və Azərbaycan Respublikasının "Dostluq ordeni ilə təltif olunub.
"O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilib, dövlət başçımızın şəxsiyyətinə dərin hörmət bəslədiyi, xalqımızın qürur duyduğu şəxs olub. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri statusunu daşıyan şəxsin məsuliyyət hissini itirərək, emosiyalara qapılaraq görkəmli alim haqqında belə ifadələr işlətməsi yolverilməzdir", - deyə Prezidentin köməkçisi qeyd edib.
Qeyd edək ki, bir neçə gün öncə Nazirlər Kabinetinin mətbuat xidmətini rəhbəri Akif Əlinin tanınmış alim Lütfi Zadə haqqında xoşagəlməz fikirləri cəmiyyətdə ciddi mənfi reaksiya doğurdu. Akif Əli istər mediada, istərsə də sosial şəbəkələrdə qınandıqdan sonra öz fikirlərinə görə üzr istəmək məcburiyyətində qaldı.
Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə sentyabrın 6-da ABŞ-da vəfat edib.
Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.
Lütfinin atası Rəhim Ələsgərzadə İranın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Birinci dünya müharibəsi illərində Ərdəbildən Bakıya köçüb və burada ticarətlə məşğul olmaq qərarına gəlib.
O, ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. 10 yaşında ailəsi ilə birlikdə Tehrana köçüb. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra Amerika Birləşmiş Ştatlarına gedib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib.
Lütfi Zadə süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru idi. O, bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.
Dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir.
20 il Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməyən qeyri-səlis məntiq nəzəriyyəsi, nəhayət, 1980-ci illərdə yapon alimləri tərəfindən böyük maraqla qarşılanıb.
Bu nəzəriyyə bütün dünyada elmə, texnika və texnologiyaya geniş nüfuz edib. Paltaryuyan maşınlardan tutmuş, avtomat sürücüyə kimi yüzlərlə, minlərlə sistemdə, qurğuda tətbiq olunub.
Azərbaycan prezidenti İlham Əliyev, dövlət və hökumət rəsmiləri Lütfi Zadənin vəfatı ilə bağlı başsağlığı veriblər.