Tanınmış aktrisa: "Heç kəs inanmırdı ki, adi bir bakılı qızı..."
11:29 26-07-2012
ŞOU
Tanınmış aktrisa: "Heç kəs inanmırdı ki, adi bir bakılı qızı..."
"Eldar Qasımov yaxşı insandır, istedadlıdır və romantikdir"
Tanınmış aktrisa Yana Nikitinanın Milli.Az-a müsahibəsi (ixtisarla)
- Yana xanım, Bakıda çox sevilirsiniz. Bu neçə il ərzində Azərbaycan dilində danışmağı öyrənmisiniz?
- Əlbəttə. Hesab edirəm ki, Azərbaycanda yaşayan hər bir şəxs milliyyətindən asılı olmayaraq Azərbaycan dilini bilməlidir.
- Özünüzü teatr aktrisası kimi hansı xarakterik rollarda görürsünüz?
- Bilirsiniz, mən yeddi il teatrda işləmişəm. Bu müddət ərzində irili-xırdalı müxtəlif rollar oynamışam. Hər biri də mənə əzizdir. Moskvada olarkən Azərbaycanın xalq artisti, Rusiyanın əməkdar incəsənət xadimi Yuli Qusmanın quruluşunda "Lamanşlı adam" tamaşasına baxdım. Onda dəqiq anladım ki, mən harada oynamaq istərdim. Neçə illər geriyə baxdım, o illəri xatırlayanların söhbəti yadıma düşdü. Məhz o illərdə Yuli Qusman Bakıda ilk dəfə "Üç muşketyor" tamaşasına quruluş vermişdi və bu günə qədər də o tamaşa bakılıların ürəyində bir əfsanə kimi qalır. Həm də təkcə Bakıda deyil, Yuli Solomonoviç hər yerdə tamaşalara quruluşlar verib: Amerikada, Rusiyada, Yaponiyada. Lakin mən çox istərdim ki, o, Bakıda, öz vətənində, yeni bir tamaşaya quruluş versin. Qoy hamı görsün ki, Azərbaycanda nə qədər istedadlı insanlar var.
- Ailəniz haqda danışa bilərsiniz?
- Mənim həyatımın mənası oğlumdur, bütün ailə onun başına dolanır.
- Ailədə sizdən başqa kimsə bu sənətlə məşğuldur?
- Yox, yaxşı ki, yoxdur. Ailədə bir insan incəsənətlə məşğul olar.
- Facebook sosial şəbəkəsində çox olursunuz?
- "Qorxma, mən səninləyəm-2" filmində çəkilmək üçün cavan uşaqlar lazım idi. Elə o zamandan etibarən Facebook ilə dostluq edirəm (gülür).
- Bakıda çəkildiyiniz filmlər haqda nə danışa bilərsiniz? Daha çox sizi epizodik rollarda görmüşəm. Yoxsa yanılıram?
- Yox, yanılmırsınız. Həqiqətən, belədir. Bu illər ərzində xırda rollara çəkilmişəm. Rejissoru Vaqif Mustafayev olan "Milli bomba" filmində müxbir Katerina rolunu ifa etmişəm. Ramiz Fətəliyevin "Qraf Krestovski" filmində teleaparıcını, Oleq Səfərəliyevin "Əlvida, cənub şəhəri" filmində Valya, Yuli Qusmanın "Qorxma, mən səninləyəm-2" filmində dayə kimi rolları ifa etmişəm. Bundan əlavə, rejissoru Nərgiz Bağırzadə olan "Barbados" filmində əsas qadın rolunu oynamışam. Lakin yaxın zamanda tamaşaçıları sürpriz gözləyir, amma o haqda danışmayacağam. Hər şey öz vaxtında.
- "Qorxma, mən səninləyəm-2" filmindəki rolunuz barədə məlumat verə bilərsiniz?
- İlk dəfə mən bu filmi görəndə 6 yaşım var idi. O vaxtlar o, 2 seriyalı idi, həm də Mərkəzi televiziyada xəbərlərdən sonra göstərilirdi. Amma valideynlərim məni o zaman yatmağa göndərdilər deyə baxa bilmədim. Səhər isə təkrarı olanda mən məktəbdən qaçdım, yadımdadır, yağış yağırdı, gəlib evdə filmə baxdım. Baş rolda oynayan Rüstəmə (Muxtarbek Kantemirov) vurulmuşdum. Hər kişidə o rolda olan xasiyyəti görmək istəyirdim. Heç vaxt ağlıma gəlməzdi ki, onunla həyatda görüşə bilərəm. 30 ildən sonra onunla bu filmdə çəkildim. Filmdə o məni xilas edir. 30 il keçməsinə baxmayaraq, uşaqlıq arzum həyata keçdi.
- Sizi köhnə KVN-çi də adlandırmaq olar. Xatirələri bölüşə bilərsiniz bizimlə?
- Bu haqda heç nə deyə bilmərəm. Onu bilirəm ki, mənə hər şeyi KVN verdi və bununla fəxr edirəm.
- Yana xanım, xasiyyətiniz necədir?
- Şir bürcündənəm, bununla da hər şey deyilir (gülür).
- Özünüzü ev xanımı kimi görürsünüz, yoxsa aktrisa kimi?
- Özümü elə iki rolda da rahat görürəm.
- Moskvadakı fəaliyyətiniz haqda nə deyə bilərsiniz?
-Mən "Qorxma, mən səninləyəm-2" filmində kastinq direktoru işləyirdim. Biz filmin çəkilişləri ilə bağlı Moskvaya getməli olduq. Bakıya qayıtdıqdan sonra isə mən TNT-də serialda kastinq direktoru işləmək dəvəti aldım. Bu zaman Oksana xanım mənə zəng edib dekabrın 23-də SSRİ xalq artisti Lev Durovun tamaşasının premyerasına gəlməyimi istədi. Lev Konstantinoviç öz yubileyini qeyd edirdi və doğma teatrı olan Malı Bronnıda da "Qasırğa" tamaşasında Prospere rolunu oynayırdı. Elə həmin gün də mənə onun yubiley gecəsini aparmaq təklif olundu. Bu, çox fantastik idi, Moskvada o qədər ulduz olduğu halda, Lev Durov aparıcılığı mənə həvalə etmişdi.
Digər Xəbərlər
2024-12-25 00:10:59
2024-12-24 21:20:55
2024-12-24 20:31:08
2024-12-24 19:39:46
2024-12-24 15:39:20
2024-12-24 14:50:27
2024-12-24 12:31:51
2024-12-24 00:09:55
2024-12-23 23:34:42
2024-12-23 20:08:25
2024-12-23 19:06:15
2024-12-23 18:45:44
2024-12-23 18:17:30
2024-12-23 15:54:27
2024-12-23 12:05:00
2024-12-22 17:41:07
2024-12-22 16:39:35
2024-12-22 10:10:52
2024-12-22 09:20:38
2024-12-21 09:10:00