Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 16-18 iyul tarixlərində növbəti Vaqif Poeziya Günləri keçiriləcək. “Sözün hekayəsi” şüarı ilə təşkil olunacaq tədbirlər proqramı Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair və dövlət xadimi Molla Pənah Vaqif irsinin yaşadılması, milli ədəbi dəyərlərin qorunması, eləcə də müasir ədəbi proseslərin inkişafına töhfə vermək məqsədi daşıyır.
"Unikal" xəbər verir ki, poeziya bayramı iyulun 16-da M.P.Vaqifin doğulduğu Qazax rayonundan start götürüb. İyulun 17-də isə mədəniyyət paytaxtımız Şuşa şəhərində keçiriləcək.
Qazax Ədəbiyyat Muzeyində təşkil olunmuş bayram tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi, AYB-nin Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, AYB üzvü, şair Rəfail İncəyurd, mədəniyyət müəssisələrinin, Səməd Vurğun poeziya evinin, Qazax rayonu üzrə Təhsil Sektorunun əməkdaşları, AYB üzvləri, aşıqlar, KİV nümayəndələri iştirak ediblər.
Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal poeziya bayramını açıq elan edərək iştirakçıları və qonaqları salamlayıb, səmimi ürək sözlərini bölüşüb. O, iyulun 16-da şairin doğulduğu Qazaxdan start götürən Vaqif Poeziya Günlərinin iyulun 17-18-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yekunlaşacağını, xalqımızın daha bir poeziya bayramına şahidlik edəcəyini bildirib. B.Vüsal qeyd edib ki, Molla Pənah Vaqifin Muzey-Məqbərə Kompleksi önündə keçiriləcək açılış mərasimində rəsmilər, yazıçı və şairlər, eləcə də beynəlxalq təşkilatların nümayəndələrinin çıxışları dinləniləcək. Sonra Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunan “Sözün ovçusu – "Könlüm keçir Qarabağdan” adlı səhnə kompozisiyası nümayiş etdiriləcək. Poeziya günləri çərçivəsində M.P.Vaqifin yaradıcılığına və Azərbaycan klassik poeziyasına həsr olunmuş bədii kompozisiyalar, musiqi proqramları təqdim ediləcək və ədəbi tədbirlər keçiriləcək.
Builki Poeziya günlərində mühüm yeniliklər də olacaq, “Kitab dayanacağı” köşkü istifadəyə veriləcək. Eyni zamanda TÜRKSOY-un tərəfdaşlığı ilə II Türk Dünyası Gənc Şairlər Festivalı Şuşada təşkil olunacaq. Bundan əlavə, Xalq şairləri Sabir Rüstəmxanlı, Vahid Əziz və Ramiz Rövşən ilə oxucu görüşləri, “Sözün gülüşü – Şuşa hekayələri” adlı teatral kompozisiya da proqramda yer alıb. Vaqif Poeziya Günlərinin son günü Azərbaycan və ümumtürk ədəbi irsinin görkəmli nümayəndələrinə həsr olunmuş silsilə tədbirlərlə yadda qalacaq. Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş “Sözün Xaqanı – Xəlqaniyəm, Xəlqani” mövzusunda elmi konfrans keçiriləcək, Məhəmmədhüseyn Şəhriyarın 120 illiyinə ithaf olunan “Sözün həsrəti – "Heydərbabaya salam” bədii-musiqili kompozisiyası təqdim ediləcək. Poeziya günləri “Sözün Zəfəri – Zəfərin sədası” adlı möhtəşəm konsert proqramı ilə yekunlaşacaq.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, tarixi şəxsiyyətlərin məkanı olan gözəl Qazaxda görməkdən məmnun olduğunu söyləyib.
“Bu torpaq, bu məkan tarixin müxtəlif mərhələlərində Azərbaycan ədəbiyyatına incilər bəxş etmişdir. Məhz bu səbəbdən Qazaxın tam haqqı çatır ki, bu cür möhtəşəm tədbirlərə, Vaqif Poeziya Günlərinə, poeziya bayramlarına, yubileylərə ev sahibliyi etsin”, - deyən icra başçısı bu cür tədbirlərin keçirilməsinin artıq ənənə halını aldığını qeyd edib. Rayon rəhbəri öncə öz adından, Qazax ictimaiyyəti adından “Sözün hekayəsi” şüarı ilə təşkil olunmuş Poeziya Günlərinin ənənəyə sadiq qalaraq M.P.Vaqifin doğulduğu Qazax rayonundan start götürdüyünə görə Mədəniyyət Nazirliyinə, Heydər Əliyev Fonduna, o cümlədən Azərbaycan Yazıçılar Birliyinə, birliyin Qazax Bölməsinə minnətdarlığını bildirib, tədbirin təşkilində əməyi, əziyyəti keçən hər kəsə təşəkkür edib.
Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxış edərək tədbir iştirakçılarını və qonaqları Mədəniyyət naziri Adil Kərimlinin adından salamlayıb, möhtəşəm söz, sənət bayramının açılışı münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. “Bu gün bu poeziya bayramında iştirak etmək həm bir məmur kimi, həm bir ədəbiyyatsevər kimi, həm bir poeziya aşiqi kimi, həm də Vaqif şeirləri ilə böyümüş hər kəs üçün şərəfdir, qürurdur, zövqdür. Qazax eli, obası ölkəmizə bütün sahələrdə dahi şəxsiyyətlər bəxş etmişdir. Bu gün bu möhtəşəm tədbirin keçirildiyi Qazax eli dahi şəxsiyyətlər yetirib”, - deyən nazir müavini səmimi ürək sözlərini bölüşüb.
AYB-nin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi çıxış edərək tədbir iştirakçılarını AYB-nin sədri Anar müəllimin adından salamlayıb, səmimi təbriklərini çatdırıb. Vaqif Poeziya Günlərinin Qazaxdan başlanmasının artıq ənənə halına çevrildiyini qeyd edən natiq bu tədbirin ərsəyə gəlməsində əziyyəti keçən insanlara razılığını ifadə edib. “Vaqif şəxsiyyəti nə qədər böyük idisə, onun yaradıcılığını bir poeziya bayramına sığdırmaq olmaz. İllər keçdikdə şairin yaradıcılığı daha dərindən öyrəniləcəkdir. Vaqif Poeziya Günlərinin keçirilməsində məqsəd təkcə şeirlər səsləndirmək deyil, eyni zamanda şairin yaradıcılığına qayıtmaq, öyrənmək, onu gələcək nəsillərə tanıtmaq və ötürməkdir”, - deyən İ.Fəhmi hər il olduğu kimi, builki Vaqif Poeziya Günlərinin də unudulmaz və yaddaqalan olacağını söyləyib.
Ağstafada “Hüseyn Arif ədəbi məclisi”nin rəhbəri, şair Saqif Qaratorpaq, AYB üzvü, şair Rəfail İncəyurd çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Vaqif Poeziya Günlərinin keçirilməsinin əhəmiyyətindən söz açıblar.
Sonra bayram tədbiri bədii hissə ilə davam etdirilib. Qazaxlı gənc aşıq Samir Cəlaloğlunun incəgülü havasında M.P.Vaqifin “Eylə”şeirini səsləndirməsi, Tovuzlu gənc aşıq Vüqar Kamandaroğlunun saz ifası, müğənni Ramal Balacanovun şair Barat Vüsalın “Şuşanı alan oğullar” şeirinə ifa etdiyi mahnı töhfəsi alqışlarla qarşılanıb.













.jpg)


.jpg)






























.jpg)
