Qeyri-rəsmi yaşadığı qadına əzab verməkdə, onun azyaşlı qızını isə zorlamaqda təqsirləndirilən Seymur Şahalıyevin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
"Unikal"ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Babaxan Həsənəliyev ittiham nitqi ilə çıxış edib.
Prokuror məhkəməyə təqsirləndirilən şəxsin 16 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Məhkəmənin növbəti iclası iyulun 23-nə təyin edilib.
Xatırladaq ki, Seymur Şahalıyev 2023-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun hökmünə əsasən 15 il müddətinə azadlıqdan məhrum edilib. Lakin Bakı Apellyasiya Məhkəməsi hökmdə qanun pozuntuları müəyyən edib, yenidən araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarıb.
Geri qayıdan cinayət işi bu dəfə hakim Rasim Sadıxovun icraatına verilib.
İttihama görə, S.Şahalıyev qeyri-rəsmi münasibətdə olduğu qadına xüsusi işgəncələr verib. O, qadına müxtəlif işgəncələr verəndən sonra ağzına qaynar su tökərək yandırıb. Bununla yanaşı, o, qadının 9 yaşlı qızını zorlamaqda və oğlunu girov saxlamaqda təqsirləndirilir. Təqsirləndirilən şəxs bununla yanaşı, qadının çılpaq videogörüntülərini çəkərək ərinə göndərəcəyi ilə hədələməklə ondan 50 min manat tələb edib. Qadın pulu verməkdən imtina etdiyi üçün o, həmin çəkilişin diskini qadının ərinə göndərib.
Cinayət materiallarında qeyd olunub ki, Seymur Şahalıyev qadının ümumilikdə 93 606 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Qadının şikayəti əsasında S.Şahalıyev saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 133.2.2 (əzab vermə, aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə), 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 133.2.6-cı (əzab vermə, işgəncə verməklə törədildikdə), 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda), 144.2.1-ci (adam oğurluğu, iki və ya daha çox şəxs barəsində törədildikdə), 145.2.2-ci (qanunsuz azadlıqdan məhrum etmə, təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə), 145.2.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə), 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə), 156.1-ci (şəxsi həyatın toxunulmazlığını pozma, Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması), 157.2-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mənzilə daxil olma), 178.2.2-ci (dələduzluq, təkrar dələduzluq), 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə), 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə), 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 242-ci maddələri üzrə ittiham irəli sürülüb.

































.jpg)






.jpg)







