Ukraynanın Odessa sahilləri yaxınlığında dron hücumu nəticəsində həlak olmuş Atlas Bey mülki ticarət gəmisinin kapitanı Səməd Nəsrullayevin nəşi aşkarlanaraq Odessaya gətirilib.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, müvafiq zəruri tədbirlər yekunlaşan kimi cənazə ölkəmizə yola salınacaq.
"Həlak olan gəmi kapitanının ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!",- məlumatda bildirilib.
Xatırladaq ki, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında yerli vaxtla saat 15:15 radələrində Türkiyənin Okean Maritime şirkətinə məxsus Atlas Bey adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Gəmidə ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşı olub. Gəmi kapitanının axtarışı istiqamətində tədbirlər görülürdü. İyulun 15-də gəminin heyətindəki 10 nəfər Azərbaycan vətəndaşı Moldovaya keçməklə Türkiyə üzərindən Vətənə yola salınıb.















.jpeg)

.jpg)


.jpg)




























