Bu gün bir sıra kütləvi informasiya vasitələrində Türkiyədə fəaliyyət göstərən media orqanlarına istinadən qonşu ölkənin Çorum əyalətinin Osmancıq bölgəsində polis tərəfindən yük yerində Avropaya mühacirət etmək istəyən miqrantların olduğu nəqliyyat vasitəsinin saxlanıldığı, nəqliyyat vasitəsinin qoşqusunda aşkar edilən Azərbaycan vətəndaşları və əfqanlardan ibarət 200-dən artıq miqrantın Bakıda pul müqabilində nəqliyyat vasitəsinə mindirilərək qeyri-qanuni yollarla Avropaya daşındığı barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Bu barədə unikal.org-a Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata əsasən, komitədə aparılan araşdırma zamanı məlum olub ki, yayılan xəbərə əlavə edilən videoda görüntüləri əksini tapan miqrantların daşındığı 34 DH 9435 dövlət nömrəli nişanlı nəqliyyat vasitəsi Azərbaycanın gömrük ərazisinə ümumiyyətlə daxil olmayıb: "Həmin nəqliyyat vasitəsinin 34 EL 322 dövlət nömrə nişanlı qoşqusu isə sadəcə 1 dəfə, 2010-cu ildə Azərbaycan ərazisində olub".
"Üstəlik hadisə ilə bağlı Türkiyədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin hazırladığı daha ətraflı reportajlarda jurnalistlərə müsahibə verən miqrantlar nəqliyyat vasitəsindəki insanların əfqan, tacik, türkmən və özbəklərdən ibarət olduğunu bildirir, xəbərdə Azərbaycan və ya azərbaycanlılardan ümumiyyətlə bəhs olunmur", - deyə açıqlamada vurğulanıb.
DGK bir daha media qurumları və nümayəndələrinə komitənin fəaliyyət sahələrinə aid olan məlumatların rəsmi mövqe öyrənməklə hazırlanmasını və yayımlanmasını tövsiyə edir.