Moskva vilayətindəki "Abramtsevo" bazarına nəzarət edən "Lyubertsı" mütəşəkkil cinayətkar qruplaşmasının (MCQ) avtoritetlərinin qətlə yetirilməsində Telman İsmayılovun ailəsi şübhəli bilinir.
Unikal.org report-a istinadən xəbər verir ki, bu barədə "Rosbalt"a Rusiyanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, T.İsmayılova məxsus "Çerkizov" bazarının bağlanmasından sonra onun ailə üzvüləri ticarətlərini davam etdirmək üçün yeni obyektlər axtarıblar və Moskva vilayətindəki "Abramtsevo" bazarı onların diqqətini cəlb edib.
Bu bazar isə "Lyubertsı" mütəşəkkil cinayətkar qruplaşmasının avtoritetləri və onlara yaxın biznesmenlərin nəzarəti altında olub. Bu ərəfədə həmin qruplaşmaların liderləri bir-bir qətlə yetirilib. Şahidlərin istintaqa verdiyi ifadəyə əsasən, hücumların arxasında T.İsmayılovun ailəsinin dayandığını söyləməyə əsas var.
"İş üzrə yalnız Telman yox, həm də onun övladlarının adları hallanır. Hər şey tezliklə Telman İsmayılovun axtarışa veriləcəyinə doğru gedir", - deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.