Azərbaycanda gözəl görünüşlü, təmirli özəl klinikalarda qiymətlər də xeyli yüksəkdir. Qiymətlərin bahalığı laborator analizlərdə özünü daha çox göstərir. Apardığımız araşdırmadan bəlli oldu ki, özəl tibb mərkəzlərində qiymətlərin bahalığı yerləşdikləri yerdən, texniki avadanlıqlarının göstəricisindən, reaktivlərin alınma qiymətlərindən və rəqabətli tibbi xidmətdən asılıdır. Təbii ki, qiymətlər də özəl klinikalara görə dəyişir. Dövlət tibb ocaqlarındakı həkimlər də çox zaman xəstələri özəl klinikaların laboratoriyalarına göndərirlər. Səbəb olaraq daha dəqiq və düzgün cavab əldə etmək lazım olduğunu deyirlər.
Bəs bu gün ölkədəki laboratoriyalarda analiz qiymətləri neçəyədir? Ümumiyyətlə laboratoriyaların cavablarına güvənmək olarmı?
"Diaqnoz Tibb Mərkəzi"nin saytında yer alan məlumatlara görə, xəstəxanada ümumi qan analizi 10 manat, qanın ümumi analizi leykoformulasız-hemoqramma - 50, xolesterin analizi - 5, qanda dəmirin miqdarı - 6 manatdır. Ən bahalı analizlər isə hepatit virusları ilə bağlı olan analizlərdir. Belə ki, Hepotit A - 45, Hepotit B -85, Hepotit B titr (virus yüklənməsi) - 65, Hepotit C keyfiyyət - 130, Hepotit D və G (Turkiye) - 180 manatdır.
"Sağlam Ailə" tibb mərkəzinin saytında yer alan məlumata görə isə, qanın ümumi analizi 15 manat, hormonal analizlərin qiyməti 18-50 manat arası, diabetik testlər (qlükoza, şəkər yüklənməsi, insulin) - 4-24 manat arası, qandakı infeksiyalar isə 15-33 manat arası dəyişir.
"GenLab" laboratoriyasında isə analizlərin qiyməti belədir: endokrinoloji testlər 15-72 manat arası, bakterioloji testlər 10- 35 manat arası, qan qrupunun müəyyən edilməsi 8 manatdır.
"Atlas" Tibb Mərkəzində də ümumi qan analizi 17 manat, digər qan analizləri isə ayrı-ayrılıqda 20-30 manat civarındadır. Ümumilikdə isə 180 manatla bütün qan analizlərindən keçmək mümkündür. Həkimin qəbulu üçün 30 manat ödənməlidir.
İki xəstəxanada fərqli nəticələr...
"Bir müddət öncə səhhətimdə problem yarandığını hiss etdim. Addım ata bilmirdim. Hər ayağa qalxdıqda başım gicəllənirdi. Həkim müayinəsindən keçdim. Məlum oldu ki, elə ciddi bir problemim yoxdur. Ancaq həkim müəyyən analizlər verməyimi tapşırdı. Bunlar qanın ümumi analizi, qanda dəmirin miqdarı və s. idi. Özəl xəstəxanaların birinin laboratoriyasında verdiyim analizin nəticəsini əlimə alanda şok oldum. Nəticəyə görə qanın ümumi faizi çox aşağı idi. Təbii ki, çox narahat oldum. Həkimə zəng vurdum və nəticəni dedim. O isə nəsə şübhələnmiş kimi başqa bir yerdə yenə analiz verməyimi məsləhət gördü. Səhəri gün də orda analiz verdim" - deyir 25 yaşlı Bakı sakini Samirə Ağazadə.
Onun sözlərinə görə, ikinci dəfə analizin cavabları təmiz başqa cür gəldi. Birincinin əksinə qan dəyərlərində elə də ciddi düşüş müşahidə olunmurdu: "Düzdü, nəticəyə görə qanın faizi bir qədər aşağı düşmüşdü. Ancaq bu cavablar ilkin analizdən çox fərqli idi. Birinci analizə görə, məndə ümumiyyətlə, qan yox idi. Deməyim odur ki, iki analiz arasında dağla dərə qədər fərq var idi. Həkimə bu barədə dedikdə isə o da qəbullandı ki, bir çox hallarda nəticələrdə belə oynamalar olur. Məhz buna görə də həkimlər analizlərin cavabına şübhə ilə yanaşırlar".
Adil Qeybulla: "Bütün klinikalarda laborator analizlərin aparılmasına tam güvən yoxdur"
Unikal.org xəbər verir ki, həkim Adil Qeybulla Bizimyol.info-ya açıqlamasında bildirdi ki, insan orqanizmində elə bir göstərici yoxdur ki, o bir neçə saat ərzində stabil qalsın. Göstəricilər çox sürətlə dəyişir: "Məsələn, insan mayeni çox qəbul etdikdə qan durulur və qanda hemoqlabinin nisbi miqdarı aşağı düşür. Ola bilsin ki, qanda hemoqlabinin miqdarı yoxlanan zaman bir laboratoriyada nisbi sıxlığı bir cür, digərində başqa cür olsun. Biz eyni qanı götürüb bir neçə laborotoriyaya göndərsək, fərqli cavablar alsaq, o zaman irad tuta bilərik. İnsanın müxtəlif fiziki, emosional, mənəvi, somatik durumunda verilən analizlərdə müxtəlif fərqlər olması təbiidir. Məsələn, bir xəstəxanada PZR, yəni polimeraz zəncirvari reaksiya yolu ilə hansısa bir analizin çıxması, ancaq digərində çıxmaması əlbəttə ki, bu müəmmalıdır və müzakirə olunmalı, araşdırılmalıdır. Ancaq elə şeylər var ki, onların cavablarının müxtəlif olması təbiidir. Əsas odur ki, analizlərin nəticələrində ciddi fərq olmasın".
A.Qeybullanın sözlərinə görə, bəzən analizlərdə elə fərqlər əmələ gəlir ki, onlar məntiqi cəhətdən heç cürə əsaslandırıla bilməz: "Yəni bir halda xəstədə eritrositlərin çökmə reaksiyası 50-60 çıxır, digər klinikada isə normal. Elə göstəricilər də var ki, onlar mütləq araşdırılmalıdır. Təəssüflər olsun ki, bütün klinikalarda laborator analizlərin aparılmasına tam güvən yoxdur. Bu alınan reaktivlərin keyfiyyətindən, aparatların vaxtında poliqrovka olunmasından, laborantın konfidentliyindən və digər faktorlardan asılıdır. İnsanların narahatçılıqları bəzən haqlı yerədir. Ancaq bununla yanaşı bəzən çox emosiyaya qapılmamağa da ehtiyac yoxdur. Çünki insan orqanizmi dəyişkəndir və hansısa bir analizdə şübhəli bir şey varsa, o digər bir klinikada, güvənli yerdə təsdiq oluna bilər.
"Vətəndaşların real gəlirləri ilə müqayisədə analizlərin qiyməti baha görünür"
A.Qeybulla deyir ki, bu gün analizlərin yoxlanıldığı avadanlıqlar və reaktivlərin hamısı xarici ölkələrdən alınır: "Xarici ölkələrlə müqayisədə bu gün bizdə olan analizlərin qiyməti xeyli ucuzdur. Ancaq vətəndaşın real gəlirləri ilə bağlı baha görünə bilər. Ona görə hesab edirəm ki, vətəndaşların bu vəziyyəti icbari tibbi sığorta paketinin formalaşdırılması ilə aradan qalxacaq. Ən azından vətəndaş müəyyən yükün çiynindən götürüldüyünü hiss edəcək. Bu isə xeyli rahatlıq deməkdir. Yəni hər hansı bir halda problem yaşayarsa, tibb müəssisəsinə gəlib, konkret müayinədən keçib, öz səhhətini dəqiqləşdirə biləcək. Bunun həm də bəzi xəstəliklərin erkən fərqinə varılmasında böyük köməyi olacaq".