Azərbaycan hərbi dənizçiləri dostluq səfəri çərçivəsində İran İslam Respublikasının Ənzəli limanına çatıb.

MN-dən Unikal.org-a verilən məlumata görə, Azərbaycan hərbi dənizçilərini İran Hərbi Dəniz Qüvvələrinin nümayəndələri qarşılayıblar.

İranın Hərbi Dəniz Qüvvələrinin Şimal Donanmasının qərargahında baş tutan görüşdə donanma komandanı, vitse-admiral Əhmədrza Bağeri Azərbaycan nümayəndə heyətini qəbul edib.

Görüşdə Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlığın genişləndirilməsi və Azərbaycan hərbi dənizçiləri ilə dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələləri müzakirə edilib.
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi birinci dərəcəli kapitan Sübhan Bəkirov hərbi dənizçilərimizin İrana ilk dəfə səfər etmələrindən məmnunluq hissini keçirdiklərini və bunun Silahlı Qüvvələrimiz arasında qarşılıqlı inamın və dostluq münasibətlərinin inkişafına xidmət etdiyini bildirib.

Səfər zamanı hərbi dənizçilərimizin bir sıra tədbirlərdə və görüşlərdə iştirakı nəzərdə tutulub.