"Belarus Azərbaycanla hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətindədir və bu sahədə əməkdaşlıq beynəlxalq öhdəliklərə zidd deyil.
Unikal.org-un "Belta" agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşdə deyib. O bildirib ki, əlaqələr heç bir beynəlxalq razılaşmanı, BMT TŞ-nin heç bir qətnaməsini pozmur: "Biz suveren, müstəqil ölkələrik və zamanın ruhuna, ənənəvi qardaşlıq əlaqələrinə malik ölkələrimizin tələbinə uyğun əməkdaşlıq istiqamətlərini müəyyən etmək hüququna malikik. Minskdə ümumiyyətlə, Azərbaycanla bağlı heç bir narazılıq yoxdur. Biz Azərbaycan xalqına çox böyük hörmətlə yanaşırıq. Mən çox yaxşı xatırlayıram, Belarus xalqının çətin günlərində Azərbaycan prezidenti öz çiynini irəli verib. Biz bunları yaxşı xatırlayırıq və əgər Azərbaycan üçün edə biləcəyimiz bir şey varsa, bunu etməyə hazırıq. Biz istəyirik ki, sizin xalqının təhlükəsiz şəraitdə yaşasın və ölkəniz inkişaf etsin.
A. Lukaşenkonun sözlərinə görə, Azərbaycan xalqının özünü sakit, təhlükəsiz və etibarlı hiss etməsi üçün müdafiə tədbirləri gücləndirilməlidir: "Biz bu baxımdan sizinlə işləyirik və bu işləri gələcəkdə də davam etdirəcəyik.
Belarus prezidenti Azərbaycan prezidenti ilə tez bir zamanda görüşə ümid etdiyini də söyləyib.
Öz növbəsində, müdafiə naziri Zakir Həsənov bildirib ki, Azərbaycanda Belarusu sevir, bu ölkəyə xüsusi hörmətlə yanaşırlar: "Bizim bütün sahələrdə çox sıx əməkdaşlığımız var. Siz düz qeyd etdiniz ki, bizim bir-birimizdən öyrənəcəyimiz çox şey var. Hərbi-texniki sahədə də çox uğurlu layihələr və əməkdaşlıq mövcuddur. Bütün bunlar beynəlxalq qanunlarla ziddiyyət təşkil etmir. Tam məsuliyyətlə bəyan edirəm ki, hərbi-texniki əməkdaşlıq çərçivəsində əldə etdiyimiz avadanlıqlar yüksək keyfiyyətə malikdir və onlar Azərbaycan Silahlı Qüvvələrində uğurla istifadə olunur. Bu bizə imkan verir ki bu sahədə əməkdaşlığı davam və inkişaf etdirək.