"Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin rəhbərliyində yeni təyinat olub.
Unikal.org apa-ya istinadən xəbər verir ki, Azərbaycan prezidentinin 5 oktyabr 2017-ci il tarixli sərəncamı ilə Mübariz Cabbarov "Xəzər Dəniz Gəmiçiliyi" QSC sədrinin birinci müavini təyin edilib.
M. Cabbarov 1968-ci ildə Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olub. 1988-ci ildə Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbini və 2002-ci ildə Novorossiysk Dövlət Dəniz Yolları Akademiyasını bitirib.
1989-1996-cı illərdə Dövlət Xəzər Dəniz Gəmiçiliyinin Xəzər Dəniz Yolları İdarəsinin gəmilərində matros, kapitanın 3-cü və 2-ci köməkçisi işləyib. Daha sonra xarici gəmiçilik şirkətlərində kapitanın 2-ci köməkçisindən kapitana qədər yüksəlib.
2004-2005-ci illərdə "BUE Caspian Ltd şirkətində təhlükəsizlik üzrə inspektor, daha sonra isə təhlükəsizlik üzrə menecerin müavini vəzifəsində işləyib.
2006-cı ilin sentyabrından 2007-ci ilin iyulunadək Böyük Britaniyanın "CMİ Offshore Ltd şirkətinin Qazaxıstandakı filialının idarəetmə üzrə meneceri, 2007-2017-ci illərdə həmin şirkətin Böyük Britaniya, Qazaxıstan və daha sonra Rusiyadakı ofislərinin direktoru vəzifəsində çalışıb.
2017-ci ilin iyulundan "Xəzər Dəniz Gəmiçiliyi QSC-nin Dəniz Nəqliyyat Donanmasının rəisi vəzifəsində işləyib.