Bu gecə Bakının Badamdar qəsəbəsində yerləşən "Bulaq" restoranında baş vermiş atışma barədə əlavə təfərrüatlar məlum olub.
Unikal.org xəbər verir ki, "Sputnik" agentliyinin Səbayel rayon polis idarəsindən əldə etdiyi məlumata görə atışmanın iri məbləğdə pul üstündə baş verdiyi ehtimal edilir. Məlumata görə iki nəfər arasında iri məbləğdə borc üstündə yaranmış mübahisə silah tətbiqi ilə nəticələnib. Tərəflərdən biri, Samir adlı şəxs əvvəlcədən "razborka"ya silahlı gəlib və mübahisə zamanı silahını çıxararaq atəş açıb. Nəticədə iki nəfər yaralanıb. Birinin vəziyyəti ağırdır.
Silahlı insidentin iştirakçıları yaralıları özləri Nərmimanov rayonundakı Hospital-a aparıblar. Lakin Bakı şəhər Baş polis idarəsi isidentdən Nərimanov polisindəki həmkarları vasitəsilə xəbər tutub. Polislər klinikanı əhatəyə alıblar və yaralılar Kliniki Tibbi Mərkəzə aparılıb. Məlum olub ki, onlardan biri Astara sakini Fərid Əkbərov (1980-ci il təvəllüdlü) və Bakı sakini Süleyman Abdullayevdir (1986-cı il təvəllüdlü).
Münaqişə iştirakçıları, üstəlik restoranın sahibi faktı gizlətmək istəyərək polisə bu haqda məlumat verməyiblər. Lakin məlum olub ki, Səbayel rayon polis idarəsi insidentdən dərhal xəbər tutub. Özü də ABŞ-ın Bakıdakı səfirinin müavini Derek Hoqanın sayəsində.
Belə ki, baş vermiş silahlı atışma zamanı ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqanın "Chevrolet" markalı avtomobilinə də güllə dəyib.
Unikal.org xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyindən Publika.az-a verilən məlumata görə, hadisə baş verən zaman ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqanın avtomobili park edilmiş vəziyyətdə olub: "Hadisə baş verən zaman cənab Derek Hoqanın avtomobilinə təsadüfü güllə dəyib. Ancaq bu zaman Derek Hoqan avtomobilində olmayıb. Hadisə zamanı ABŞ səfirliyinin hər hansı əməkdaşı zərə çəkməyib. Hazırda hadisə ilə bağlı polis tərəfindən istintaq davam edir".