Belarus və Azərbaycan parlamentləri ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verə bilərlər.

Unikal.org azertac-a istinadən xəbər verir ki, bu fikri oktyabrın 13-də Minskdə Milli Məclisin sədri Oqtay Əsədovla görüşündə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

Parlamentin öz imkanlarının və üstünlüklərinin olduğunu qeyd edən A.Lukaşenko deyib: "Mən parlamentlərin imkanlarını yaxşı bilirəm. Düşünürəm ki, parlamentlər ölkələrimiz arasında münasibətlərin inkişafına təkan verə bilər. Prezident kimi şəxsən mən Belarus parlamenti sədrinin fikirlərinə çox diqqət yetirirəm. Bilirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev də çox demokratik, yüksək təhsilli və intellektual şəxsdir. Əgər ölkə parlamenti vacib məsələni irəli sürərsə, ona xüsusi diqqət yetirir.

Belarus dövlətinin başçısı qeyd edib ki, hər iki ölkənin müəyyən etdiyi öz yolu, öz siyasi xətti var. "Ölkələrimiz arasında çox səmimi və yaxşı münasibətlər var. Sözsüz ki, biz dost kimi bir-birimizə etibar edirik, - deyə Belarus Prezidenti vurğulayıb.

Prezident A.Lukaşenko deyib ki, Belarus və Azərbaycan bir çox sahələrdə sıx əməkdaşlıq edirlər. Ölkələrimizin müştərək müəssisələrinin istehsal etdiyi məhsullar digər ölkələrin bazarlarına çıxarılır.

Prezident qeyd edib ki, Belarus və Azərbaycan bir çox sahələrdə əməkdaşlıq edir, ölkələrimiz arasında isti və yaxın münasibətlər mövcuddur: "Biz bir birimizə tamamilə etibar edirik. Birgə müəssisələr yaradırıq, üçüncü ölkələrlə ticarət edirik. Azərbaycanlılar və belaruslar qardaşdır", - prezident bildirib.

"Biz birlikdə Cənub və Şərqə doğru addımlayırıq. İqtisadi sahədə bu siyasəti dəstəkləməkdə davam edəcəyik. Belarus ilə Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlıq genişlənir, bunu heç kimdən gizlətmirik. Azərbaycana bu sahədə dəstək verməkdə israrlıyıq. Belarus Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır və bununla bağlı qətiyyətli mövqeyini davam etdirəcək, - deyə A.Lukaşenko qeyd edib.

Belarus Prezidenti MDB Parlament Assambleyası çərçivəsində regional əməkdaşlığın daha da gücləndirilməsinin zəruriliyini bildirib.

Soçidə MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü xatırladan A.Lukaşenko deyib ki, bu görüşdə ikitərəfli münasibətlərə dair geniş müzakirələr aparılıb. Ölkələrimiz arasında çoxşaxəli əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət ayırdığına görə Azərbaycan dövlətinin başçısına minnətdarlığını bildirən Aleksandr Lukaşenko Prezident İlham Əliyevə xoş və səmimi salamlarını çatdırıb.

Milli Məclisin sədri Oqtay Əsədov səfər zamanı göstərdikləri xoş və doğma münasibətə görə Belarus dövlətinin başçısına təşəkkür edərək, Azərbaycan Prezidenti İlham Əliyevin xoş və səmimi salamlarını Prezident A.Lukaşenkoya çatdırıb.

Spiker qeyd edib ki, Azərbaycan Belarus ilə bütün istiqamətlərdə əməkdaşlığı fəal davam etdirir. Bu gün ikitərəfli format demək olar ki, bütün sahələri əhatə edir və genişlənir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Belarusun tutduğu mövqeyə görə təşəkkürünü bildirən Oqtay Əsədov xatırladıb ki, 2016-cı il aprel hadisələrində Belarus Prezidenti bəyanat verərək münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini açıqladı.

Görüşdə Milli Məclisin komitə sədri Ziyad Səmədzadə, deputatlar Xanlar Fətiyev, Ülviyyə Ağayeva, Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov və başqaları iştirak ediblər.