"Bolqarıstan Avropaya qapı, Azərbaycan isə Avropa ilə Asiya arasında körpü və Mərkəzi Asiyaya qapı olaraq öz rolunu oynaya bilər. Bolqarıstanın və Azərbaycanın geosiyasi yerləşməsi ölkələrimizin üstünlüyüdür".
Unikal.org xəbər verir ki, bunu Bakıda səfərdə olan Bolqarıstan Prezidenti Rumen Radev şərəfinə verilən rəsmi ziyafətdə çıxışı zamanı deyib.
"Azərbaycan Bolqarıstanın xarici siyasət prioritetləri sistemində mühüm yer tutur. Şadam ki, bu cür vacib səviyyəyə uyğun olaraq aramızda təşəkkül tapmış təmaslar həm siyasi, həm iqtisadi baxımdan yüksək və ali səviyyədə böyük dinamika ilə səciyyələnir. İcazə verin qeyd edim ki, 2015-ci ilin martında imzalanmış Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə qarşılıqlı maraqlarımıza, böyük potensiala və bu sahədə mövcud perspektivlərə uyğun olaraq aramızdakı münasibətlərin əla səviyyəsinə verilən qiymətdir və əlaqələrimizin daha da dərinləşdirilməsinə olan ümumi arzunun təzahürüdür. İnanıram ki, Azərbaycana etdiyimiz səfərin əsas məqsədlərindən birinə bu gün artıq nail olduq", - deyə prezident nildirib.
Bolqarıstan prezidenti çıxışı zamanı Böyük İpək Yolunun ayrılmaz hissəsi olan Bakıda həmin İpək Yolunun bərpasına ümumi marağın olduğunu qeyd edib: "Xəzər dənizinin mirvarisi, Böyük İpək Yolunun ayrılmaz hissəsi olan Bakı şəhərində həmin İpək Yolunun bərpasına ümumi marağımızı qeyd etmək istərdim. Asiya ilə Avropa arasında nəqliyyat və enerji dəhlizlərinin yaradılmasında geostrateji üstünlüklərdən istifadəni vacib sayıram: Bolqarıstan Avropaya qapı, Azərbaycan isə Avropa ilə Asiya arasında körpü və Mərkəzi Asiyaya qapı olaraq öz rolunu oynaya bilər. Bolqarıstanın və Azərbaycanın geosiyasi yerləşməsi ölkələrimizin üstünlüyüdür. Mən əminəm ki, biz bu üstünlüyü ölkələrimizin rifahı naminə birgə səylərlə inkişaf etdirərək bundan yararlanacağıq. Təsadüfi deyil ki, məhz enerji sahəsində qarşılıqlı fəaliyyət gün ərzində gələcək əməkdaşlığımızın təfərrüatlı qaydada nəzərdən keçirilmiş imkanları və prioritetləri sırasında oldu. Bu baxımdan, icazə verin, enerji resurslarının təchizatında mənbələrin və marşrutların şaxələndirilməsi sahəsində gələcək əməkdaşlıq üçün böyük potensialın olduğunu bir daha qeyd edim".
Prezident Azərbaycan - Avropa İttifaqı münasibətlərinə də toxunub: "Avropa İttifaqı ilə münasibətlərə gəldikdə, biz həm Şərq Tərəfdaşlığı çərçivəsində, həm münasibətləri yeni inkişaf mərhələsinə daxil edəcək hərtərəfli sazişin bağlanması ilə əlaqədar danışıqların aparılmasında Azərbaycanın Avropa İttifaqı ilə daha sıx əməkdaşlıq etmək arzusunu yüksək dəyərləndiririk və dəstəkləyirik. Bu, şübhəsiz ki, Bolqarıstan ilə Azərbaycan arasında iqtisadi mübadilənin, qarşılıqlı təmasların və sərmayələrin artması üçün yeni perspektivlər açacaq".