4 yaşlı Abdullanın ölkəmizə gətirilməsi İraqda saxlanan cihadçı ailələrinin arasında azərbaycanlı qadın və uşaqların olmasını təsdiqlədi. İlkin məlumata görə, İŞİD döyüşçüləri olduqları güman edilən şəxslərin ailə üzvü olan 1400 əcnəbi qadın və uşaq hazırda İraqda saxlanır.
Hökumət qoşunları özünü İslam Dövləti (İD) adlandıran təşkilatın döyüşçülərini ölkənin əksər ərazilərindən təmizləyəndən sonra onların ailə üzvlərinin öz vətənlərinə göndərilməsi planlaşdırılır və hökumət onların hansı ölkələrdən olduqlarını müəyyənləşdirməklə məşğuldur.
İraq hökumət qoşunları tərəfindən saxlanan qadın və uşaqların əksəriyyətinin Türkiyədən olduğu bildirilir. Lakin onların arasında keçmiş Sovet respublikaları olan Tacikistan, Azərbaycan və Rusiyadan gələnlər də var.
Tel Afarda dindirilən qadınlardan bəziləri İŞİD-in törətdiyi qırğınlardan xəbərsiz olduqlarını bildiriblər. Azərbaycandan gəldiyi güman edilən qadın deyib ki, "Biz kiminsə öldürüldüyünü görməməmişik: "Orada hər bir şey Quran və Peyğəmbərin hədislərində yazıldığı kimi idi. Onlar şəriət qanunlarını tətbiq edirdilər".
Unikal.org modern.az-a istinadən xəbər verir ki, həmin qadınların, uşaqların Azərbaycana gətirilməsi, onların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətinə verilməsi nəzərdə tutulub. Amma həmin qadınların terrorçu qruplaşamalara qoşulma ehtimalları və müəyyən cinayətlərdə iştirakları Azərbaycan tərəfi üçün bəzi tərəddüdlər doğurur. Ona görə də qadınların ölkəyə gətirilməsi istiqamətində dəqiqləşmələr və danışıqlar aparılır.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Modern.az-a bildiriblər ki, bu barədə rəsmi müraciət olmayıb:
"Hələlik İraqda saxlanılan azərbaycanlı qadın və uşaqlarla bağlı Komitəyə rəsmi müraciət olmadığından, məsələnin araşdırılması səlahiyyətlərimiz çərçivəsində deyil".
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az-a məsələnin gündəmdə olduğunu bildirib:
"Hazırda bu istiqamətdə müvafiq işlər aparılır".
Qeyd edək ki, oktyabrın 12-də Abdulla adlı uşaq Azərbaycan Xarici İşlər Nazirliyinin İraqdakı səfirliklə apardığı danışıqlar nəticəsində Azərbaycana gətirilib.
Şərh yaz