Bakıda restoranda yeyib-içən müştərilər hesabı ödəmədən qaçıb.

Unikal.org xəbər verir ki, bu barədə "Vaqon" restoranının sahibi Zaur İsmayılzadə Baku.ws-ə məlumat verib. Restoran sahibi bildirib ki, 2 oğlan, 1 orta yaşlı kişi və 1 uşaq masalardan birində əyləşərək sifariş verib.

Hesab gələndə isə uşaq, daha sonra digər 2 nəfər restoranı tərk edib. Sonda qalan şəxs isə işçilərin yaxınlığında olmadığını fərq edib və restorandan qaçıb.

Restoran sahibi bildirir ki, müştərilər 100 manata yaxın hesabı ödəməyib. Çekdən göründüyü kimi, işbazlar özlərinə pulsuz qonaqlıq verib. Yaxşıca yerib-içən şəxslər restorana zərər vurduqdan sonra qaçıb. Restoran sahibi sözügedən şəxslərin tapılması istiqamətində tədbirlər görülməsi üçün polisə müraciət edib.