Bakı Ağır Cinayətlər Məhkəməsində 23 yaşlı Bakı şəhər sakini Orxan Əsədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki, prosesə hakim İradə Həsənzadə sədrlik edib.

İstintaqla müəyyən edilib ki, Orxan Əsədov 25 sentyabr 2015-ci ildə gecə saatlarında paytaxtdakı "Piramida gecə klubunda Vüsal Cəlalovla mübahisə edib. Gənclər aralarında yaranan anlaşılmazlığı klubdan kənarda aydınlaşdırmağa çalışıblar. "Rus kilsəsinin qarşısında Vüsal Cəlalov Orxana "sən kimsən ki, mənə çiyin atırsan deyərək sinəsindən yumruqla vurub. Mübahisə qansız ötüşməyib. O.Əsədov bıçaqla Vüsala qarın nahiyəsindən zərbə endirib və hadisə yerindən qaçıb. Yaralı "Dərya ləqəbli tanışı Ələkbər Axundovun köməkliyi ilə xəstəxanaya çatdırılıb. O.Əsədovun cinayət törətməsi ilə bağlı polisə məlumatı da elə "Dərya verib. Amma hadisə dən bir həftə keçdikdən sonra.

İstintaq araşdırması zamanı o da müəyyənləşdirilib ki, gənclərin bir-birləri ilə aqressiv davranmalarına səbəb də "Dərya olub. Vüsalla 6 ildən bəridir ki, "dostluq edən "Dərya hadisədən bir müddət öncə ona Orxandan şikayətlənib. Orxanla danışıb, bir daha onu narahat etməməyi tapşırmasını istəyib.

Hadisə baş verən gecə gənclər arasındakı cüzi anlaşılmazlıq cinayətə yol açıb. Sonradan məlum olub ki, O.Əsədov yalnız hadisə yerindən deyil, həm də Azərbaycandan qaçıb. O, Rusiya Federasiyasının Ufa şəhərinə - dayısının yanına yollanıb. Uzun müddət Rusiyanın müxtəlif şəhərlərində yaşayıb işləyən O.Əsədova barəsində cinayət işi açılmasını və beynəlxalq axtarışa verilməsini də dayısı deyib. Ufa rayon məhkəməsinin qərarı ilə O.Əsədov barəsində həbs qətimkan tədbiri seçilib. Bu ilin may ayında Rusiyadan Azərbaycana ekstradisiya olunub.



Tale Vüsal Cəlalovun da üzünə gülməyib. O, Cinayət Məcəlləsinin 204.1-ci (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham olunaraq 6 il müddətə azadlıqdan məhrum edilib və hazırda cəza çəkir.

Təqsirləndirilən O.Əsədov ifadəsində hadisədən sonra onu kimsənin axtarmadığını göstərib: "Ertəsi gün "Dərya zəng vurub dedi ki, Vüsalın müalicəsi üçün 1000 manat pul xərclənib. Əgər pulu verərsə, Vüsal şikayət etməyəcək. Fikirləşdim ki, yəqin "Dərya yalan deyir. Dedim, məni Vüsalla danışdır, özü desin. Əgər desə ki, ağır xəsarət almışam, həkim xərclərini ödəyəcəkdim. Amma məni Vüsalla danışdırmadığına görə "Dəryanın yalan danışmasına əmin oldum. Ondan bir daha məni narahat etməməsini xahiş etdim. O vaxtdan sonra nə Vüsal, nə də polis məni axtarmayıb. İş tapa bilmədiyimə görə Rusiyaya işləməyə getmişdim.

"Vüsalı öldürmək niyyətim olmayıb. Mənim nə "Dəryadan xoşum gəlib, nə də Vüsalla bu barədə söhbət etmişəm, - deyə ifadəsində göstərib.

Zərərçəkmiş Vüsal Cəlalov ilk günlər Orxandan şikayət etmək istəmədiyini deyib: "Orxan yanıma gəlmədi, xəstəxanada yatanda mənimlə əlaqə saxlamadı. Buna görə də, "Dərya 102 xidmətinə zəng vurub məlumat verdi. Hazırda Orxana qarşı heç bir şikayətim və tələbim yoxdur.

Məhkəmənin hökmü ilə Orxan Əsədov 4 il müddətinə azadlıqdan məhrum edilib.