Bakıda törədilən dəhşətli qətlin təfərrüatları üzə çıxıb. Qətli törətməkdə təqsirləndirilən şəxsin ifadəsindən cinayətin baş vermə səbəbləri aydın olub.
Unikal.org musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda evə basqın edərək bir nəfəri qətlə yetirib, 2 nəfərə isə xəsarət yetirməkdə təqsirləndirilən Sənan Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. İşə hakim Eldar İsmayılovun sədrliyi ilə baxılır.
Sonuncu məhkəmə iclasında məlum olub ki, S.Məmmədov subaydır, orta təhsili yoxdur və tək yaşayır.
Onun qətlə yetirdiyi qadın isə bir müddət əvvəl tanış olduğu və birgə yaşamağa başladığı Mahirə Əliyevadır.
Bildirək ki, hadisə bu il iyunun 23-də gecə saatlarında Yasamal rayonu, İbrahim Əbilov 60 ünvanında (keçmiş "Sovetski") baş verib.
1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızı və oğlu 1991-ci il təvəllüdlü Həsənov Laçın Gülbala oğlu öz evlərində bıçaqlanıb, qonşu 1989-cu il təvəllüdlü Əliyeva Mahirə Tofiq qızı isə qətlə yetirilib. Yaralılar xəstəxanaya yerləşdiriliblər və onların həyatını xilas etmək mümkün olub.
Hadisəni törədən 1991-ci il təvəllüdlü Sənan Məmmədov könüllü olaraq polisə gedib. S.Məmmədovun istintaqa verdiyi ifadəsindən hadisənin baş vermə səbəbləri məlum olub. O, ilk olaraq deyib ki, yaşadığı ünvanda qonşularla heç vaxt problemi olmayıb.
S.Məmmədov qətlə yetirdiyi Mahirə Əliyeva ilə necə tanış olmasını da danışıb: "2016-cı ilin sonlarında uşaqlıq dostum Mirzəağanın ad günündə iştirak etdim. Həmin günü orada Mirzəağanın qonşusu Mahirəni gördüm. Onunla tanış olduq. O da mənim kimi yetim idi. Elə həmin gecə Mahirə ilə birlikdə mənim kirayədə yaşadığım evə gəldik. Ev sahibi Qalina ilə görüşüb, ona Mahirənin mənimlə birlikdə yaşayacağını, evlənəcəyimizi dedim. Qalina da razılaşdı və tez bir zamanda kəbin kəsilməsini istədi. Bundan sonra biz qeyri-rəsmi ər-arvad münasibətində yaşadıq".
S.Məmmədov Mahirə Əliyevanın xasiyyətcə sakit və mülayim bir qadın olduğunu deyib. Və bildirib ki, həmişə çalışıb ki, Mahirə heç nədən korluq çəkməsin.
"Ailəmizdə xırda söz-söhbətlər olub, amma mən ona əl qaldırmamışam. Mahirə də mənim kimi yetimdir. Uşaq vaxtı ailəsi onu atıb Moskvaya gedib. Mahirəni Tofiq adlı bir şəxs saxlayıb. Mahirə evlənib boşanandan sonra Tofiqlə münasibətləri pozulub və o, tək yaşamağa başlayıb" - deyən S.Məmmədov sevdiyi qadının hadisədən təxminən 10 gün əvvəl ona qarşı münasibətlərinin dəyişdiyini hiss etdiyini söyləyib.
Bu soyuq münasibətlərə səbəbkar kimi isə qonşuları Mətanət Həsənovanı göstərib: "Bütün günü qapı qonşumuz Mətanətgilin evində olurdu. Bir gün qabaq 470 manat maaş almışdım. Mahirə ilə birlikdə alış-verişə getdik. Mən ona paltar aldım. Səhər işə gedəndə Mahirəyə 415 manat verdim ki, saxlasın. Rəhmətlik anamın qəbrinə başdaşı alacağımı dedim".
Elə hadisənin baş vermə səbəbi də bu pulun yoxa çıxması olub.
S.Məmmədov bildirib ki, işə gedəndən sonra Mahirə Əliyeva ona zəng edib və pulun evdən oğurlandığını deyib: "Evə gələndə Mahirənin paltarlarını dağınıq vəziyyətdə gördüm. Mahirədən pulun necə oğurlandığını soruşanda bildirdi ki, qonşu Mətanətin oğlu Laçına verib. Mahirə pulu almaq üçün qonşuya getdi. Onlar sadəcə 50 manatı verdi. Mən gedib özüm Laçınla söhbət elədim. Laçın dedi ki, Mətanət ona şər atır. O, pulu görmədiyini bildirdi. Sonra Mahirə mənimlə evə qayıtmadı. Gecəni də gözlədim. Mən polisə zəng edəcəyimi dedim. Mətanətin digər oğlu, Pərviz mənə "iş verən" dedi. Mübahisə elədik. O, məni hədələdi. Həmin gün iş yoldaşım Mehman da yanımda idi. O, Pərvizin səsini telefona yazdı. Polisə məlumat verdim, amma ünvan səhv göstərildiyindən gəlmədilər. Mən səhər yenə polisə məlumat verdim. Gəlib bizi polis bölməsinə apardılar. Orada olanda Mahirə söz verdi ki, pulu qaytaracaq. Mən də şikayətimi geri götürdüm. Amma o, polisə yalandan demişdi ki, guya mən onu döymüşəm. Evdən çıxandan sonra ona zəng eləmədim".
Təqsirləndirilən S.Məmmədovun ifadəsindən məlum olub ki, bu söhbətdən sonra ev sahibi Qalina onu kirayədən çıxarıb.
S.Məmmədov da evdən çıxanda orada "iz" qoymaq istəyib: "Mən də evdən çıxanda əsəbləşib, baş barmağımı azca kəsib, qanını divara yaxdım ki, yadigar qalsın".
Bundan sonra S.Məmmədov başqa evə köçüb, amma keçmiş sevgilisi ilə hesablaşmağı yaddan çıxarmayıb.
S.Məmmədov ifadəsinin davamında hadisə günü baş verənləri belə danışıb: "Hadisədən bir gün qabaq axşam evdə 100 qram arağı "Hell"lə qarışdırıb içdim. Səhər iş yoldaşım Orxan zəng edib məni oyatdı. Sonra xalam oğlu Vüsal zəng elədi ki, görüşək. Vüsal əmi oğlum Qabili də götürüb bizə gəldi. Şəhərə çıxdıq ki, bir az gəzək. Mən də düşündüm ki, gedəndə Qalinanın evində qalan çarpayı üzünü də gətirərəm. Həm də açarı ev sahibinə qaytararam. Amma ora gedəndə Pərvizin məni yenə hədələməsindən ehtiyat edirdim. Bunun üçün cibimə bıçaq qoydum. Evə çatanda qapını döysəm də Qalina açmadı. Geri qayıdanda Mətanətgilin qapısını Mahirə açdı. Onu görən kimi, pulumu istədim. "Nə pulu" deyəndə söylədim ki, anamın baş daşı üçün ayırdığım pul... Mahirə başladı anamın qəbrinə söyməyə... Bu zaman Mətanət də orada idi və söyüşləri eşitdi. Mən də əsbələşib əlimi cibimə atıb bıçağı çıxardım. Mahirəni içəri itələyib ona 7-8 dəfə vurdum. Bu zaman Mətanət də mənə əl-qol atırdı deyə onu da vurdum. Səsə Laçın gəldi. O, məni arxadan tutdu. Məni vuracağını düşünüb bıçaqla onu da vurdum. Mətanətlə oğlunu nə üçün vurduğumu indi də bilmirəm. Özümdə olmamışam".
S.Məmmədov deyib ki, hadisə yerinə gedərkən dostları onu çöldə gözləyib və onun nə edəcəyindən xəbərsiz olublar:"İçəri girəndə iş yoldaşıma və Vüsalgilə dedim ki, həyətdə gözləsinlər. Sonra onlar səsə gəldilər. Məni sakitləşdirməyə çalışdılar. Oradan evə gəldim. Sakitləşib polisə təslim olmağa getdim".
Qeyd edək ki, S.Məmmədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29.120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29.120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 157.2-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mənzil toxunulmazlığını pozma) və 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) maddələri ilə ittiham edilir.